Polşa Epşteyn şəbəkəsinin azyaşlıları cəlb etməsini araşdırır

Polşada Epşteyn işi ilə bağlı yeni sənədlərdən sonra azyaşlıların necə cəlb edildiyini araşdırmaq üçün xüsusi istintaq və analiz qrupları yaradılıb.

27

Polşada mərhum maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı yeni sənədlərin açıqlanmasından sonra onun şəbəkəsinin azyaşlıları necə cəlb etdiyini araşdırmaq üçün rəsmi istintaq və analiz qrupları yaradılıb.

Polşanın dövlət yayımçısı “TVP World”-ün məlumatına görə, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdəki yazışmalar Epşteyn və onun şəbəkəsinin Polşa və qonşu ölkələri gənc qızlar üçün “ov məkanı” kimi gördüyünü göstərən strukturu üzə çıxarıb.

Polşa Ədliyyə Nazirliyi ölkənin bu işdə mümkün rolunu araşdırmaq üçün iki qrupun yaradıldığını təsdiqləyib. Ədliyyə naziri Valdemar Zurekin rəhbərliyi altında fəaliyyət göstərəcək analiz qrupu təxminən 3 milyon sənəddən ibarət materialları araşdıracaq. Prokurorlar qrupu isə mümkün cinayət tərkibi üzrə sübutların toplanması ilə məşğul olacaq.

Nazirlik ABŞ tərəfdən bütün məxfi sənədlərin Polşa səlahiyyətli qurumları ilə paylaşılmasını tələb edəcəyini bildirib. Zurek açıqlamasında qeyd edib ki, məqsəd Polşa ərazisində hər hansı cinayətin törədilib-törədilmədiyini və Polşa vətəndaşlarının bu işdə iştirak edib-etmədiyini obyektiv şəkildə müəyyənləşdirməkdir.

Polşanın Baş naziri Donald Tusk isə sosial şəbəkə hesabında pedofiliyanın, xüsusilə Epşteyin hadisəsində olduğu miqyasda, “insanlığa qarşı cinayət” olduğunu vurğulayıb və bu cür əməllərə görə heç bir güzəştin mümkün olmadığını bəyan edib.

Polşanın Milli Prokurorluq Ofisi 23 fevralda rəsmi şəkildə yaradılmış istintaq qrupunun 2005–2018-ci illərdə fəaliyyət göstərmiş “beynəlxalq xarakterli mütəşəkkil cinayət qrupu” ilə bağlı ilkin araşdırma aparacağını açıqlayıb.

Prokurorluğun məlumatına görə, adı açıq şəkildə Epşteyn kimi göstərilməsə də, söhbət moda agentliklərində karyera vədi ilə azyaşlıların aldadılaraq insan alverinə cəlb edilməsi və cinsi istismara məruz qalması məqsədi güdən şəbəkədən gedir. Araşdırmaya üç təcrübəli prokuror rəhbərlik edəcək və toplanacaq sübutlara əsasən tammiqyaslı istintaqın başlanıb-başlanmayacağına qərar veriləcək.