Pezeşkianın qonşu ölkələrdən üzr istəməsinin praktiki əhəmiyyəti yoxdur – ŞƏRH

Siyasi araşdırmaçı Pərviz Əliyev Pezeşkianın qonşu ölkələrdən üzr istəməsini şərh edərək bunun daha çox siyasi və diplomatik mesaj xarakteri daşıdığını bildirib.

68

İranda mövcud siyasi vəziyyət fonunda Prezident Məsud Pezeşkianın qonşu ölkələrə yönəlmiş üzr mesajları daha çox siyasi xarakter daşıyır. Bu barədə MSNews.az-a açıqlamasında siyasi araşdırmaçı Pərviz Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda İran daxilində güc balansı əsasən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və parlamentin sədri Məhəmməd Bağır Qalibaf ətrafında formalaşan koalisiyanın əlində cəmləşir. P.Əliyev qeyd edir ki, vaxtilə rəqib mövqelərdə olan bu iki siyasi fiqur müxtəlif qanadları – siyasi, hərbi və iqtisadi təsir dairələrini – təmsil etsələr də, yeni güc balansının məhz, onların və SEPAH-ın iştirakı ilə formalaşması onlar üçün həyati əhəmiyyət daşıyır.

Araşdırmaçı hesab edir ki, Pezeşkianın qonşu ölkələrə hücumların dayandırılması ilə bağlı verdiyi açıqlamalar praktiki hərbi qərar kimi qiymətləndirilə bilməz. “Əgər bu cür bəyanatlar Qalibaf və ya Laricani tərəfindən səslənsəydi, onların real təsiri barədə danışmaq mümkün olardı. Çünki hazırda əsas güc mərkəzləri həmin fiqurların və SEPAH-ın nəzarətindədir”, – deyə o bildirib.

Pərviz Əliyevin fikrincə, Pezeşkianın mesajları daha çox diplomatik və siyasi məqsəd daşıyır. O qeyd edir ki, ruhanilərin və SEPAH-a bağlı yüksək vəzifəli şəxslərin öldürülməsi fonunda Pezeşkian region ölkələrinə İranın yeni siyasi rəhbərliyində dialoqa açıq qüvvələrin də mövcud olduğunu göstərməyə çalışır.

Ekspert əlavə edib ki, İran daxilində ciddi siyasi və hərbi təzyiqlərə baxmayaraq, ölkədə siyasi proseslər və müxtəlif güc qrupları arasında mübarizə davam edir.