Pərviz Əliyev: “Çin gücünü səssiz strategiya ilə qurur” – ŞƏRH

Çin üzrə mütəxəssis Pərviz Əliyev MSNews.az-a şərhində Pekinin qlobal strategiyasını, ABŞ-İran münaqişəsi fonunda Çinin mövqeyini və yeni dünya düzənində güc anlayışını izah edib.

71

Çini anlamaq üçün ona Qərbin klassik geosiyasi prizmasından baxmaq kifayət etmir. Bunu MSNews.az-a açıqlamasında Çin üzrə mütəxəssis Pərviz Əliyev bildirib.

Onun sözlərinə görə, bəzi dövlətlər güclərini döyüş meydanında nümayiş etdirir, digərləri isə oyunun qaydalarını səssiz şəkildə dəyişir. Çin ikinci kateqoriyaya daxildir.

“Görünən hərbi müdaxilənin olmaması təsirsizlik demək deyil. Bəzən ən güclü addım oyunu uzatmaqdır. Bu gün qlobal güc mübarizəsi tanklarla deyil, enerji boru kəmərləri, ticarət dəhlizləri və maliyyə şəbəkələri vasitəsilə aparılır. Çin birbaşa toqquşmadan qaçaraq rəqibini zəiflətməyi və meydanı daraltmağı üstün tutur”, – deyə Əliyev vurğulayıb.

Ekspert qeyd edir ki, dünya artıq birqütblü sistemdən uzaqlaşıb və yeni mərhələdə güc anlayışı hərbi nümayişlə deyil, səbr, strateji dərinlik və iqtisadi rıçaqlarla ölçülür.

Pərviz Əliyevin fikrincə, Çin ordusunun strukturlaşdırılması da məhz, bu yanaşmaya uyğun qurulub. Onun sözlərinə görə, Çin Xalq Azadlıq Ordusu onilliklərdir ABŞ-nin Asiya-Sakit okean regionu və digər periferiyalar boyunca genişlənən hərbi mövcudluğuna qarşı ölkənin sərhədləri daxilində və ətrafında müdafiəni təmin etmək üçün formalaşdırılıb.

Əliyev İran məsələsinə də toxunaraq bildirib ki, ABŞ-nin Tehrana qarşı hərbi əməliyyatlara başlaması təsadüfi deyil və uzunmüddətli hazırlıq mərhələsinin nəticəsidir.

“ABŞ onilliklər ərzində qlobal və regional bazalar, logistika şəbəkələri, sursat anbarları, inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemləri quraraq əvvəlcə İranı mühasirəyə alıb, daha sonra isə zərbə endirib”, – deyə o qeyd edib.

Ekspert hesab edir ki, bu kontekstdə Çinin birbaşa hərbi müdaxiləsi real görünmür. Onun fikrincə, Pekin daha çox iqtisadi və texnoloji alətlərdən istifadə edə bilər.

“Çinin edə biləcəyi əsas addımlar qanunsuz hesab etdiyi ABŞ sanksiyalarına qarşı iqtisadi dəstək vermək, İranın hərbi sənaye istehsalına texniki və maddi yardım göstərmək, müəyyən silah və avadanlıqların ötürülməsi ilə dolayısı hərbi dəstək verməkdir”, – deyə Əliyev bildirib.

Onun sözlərinə görə, Çin üçün prioritet birbaşa münaqişə deyil, uzunmüddətli geosiyasi balansın qorunmasıdır. “Pekin anlayır ki, açıq müharibə onun strateji yüksəliş trayektoriyasını riskə ata bilər. Buna görə də Çin səssiz, lakin sistemli şəkildə qlobal güc konfiqurasiyasını dəyişdirməyə çalışır”, – deyə ekspert əlavə edib.

Pərviz Əliyev vurğulayıb ki, yeni dünya düzənində güc artıq yalnız hərbi qüvvə ilə deyil, iqtisadi dayanıqlıq, texnoloji üstünlük və diplomatik çevikliklə müəyyən olunur.

Analitik şərh | Pərviz ƏLIYEV, Sinoloq