Perulu şamanlardan 2026-cı ilə dair dramatik proqnozlar: Müharibə yox, sülh çağırışı

2026-cı il üçün perulu şamanların keçirdiyi il sonu ayinində açıqlanan proqnozlar dünya siyasətində böyük dəyişiklikləri ehtiva edir. Rusiya-Ukrayna müharibəsinin bitməsi, Donald Trampın sağlamlıq problemləri və Maduronun devrilməsi proqnozlaşdırılır.

76

Perunun paytaxtı Limada ənənəvi il sonu mərasimi çərçivəsində toplaşan şamanlar, çiçəklər, tüstülər və qılınclarla keçirdikləri ritualdan sonra 2026-cı il üçün düşündürücü proqnozlarını ictimaiyyətə çatdırıblar.

Mərasimdə dünyanın müxtəlif ölkələrinin liderlərinin — o cümlədən ABŞ Prezidenti Donald Tramp, Venesuela Prezidenti Nikolas Maduro və Rusiya Prezidenti Vladimir Putinin — şəkillərindən istifadə olunub. Şamanlar bildirib ki, ayinin əsas məqsədi gələn il dünya miqyasında gözlənilən siyasi və sosial dəyişiklikləri “duya bilmək”dir və bu prosesdə dünya barışı səylərinə çağırış edilir.

Şamanların verdiyi proqnozlara görə, 2026-cı ildə Rusiya ilə Ukrayna arasındakı davam edən münaqişənin sona çatacağı və tərəflər arasında barış razılaşmasının imzalanacağı gözlənilir. Eyni zamanda, iddia olunur ki, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi baş verəcək və bu proses nəticəsində Maduro hakimiyyətdən uzaqlaşacaq. Mərasimdə söz alan şaman Xuan de Dios Qarsiya bildirib ki, “Maduronun məğlub olduğunu görürük; o Venesuelanı tərk edəcək və tutulmayacaq”.

Ritualda diqqət çəkən digər proqnoz isə ABŞ Prezidenti Donald Trampla bağlı olub. Xuan de Dios Qarsiya 2026-cı ildə Trampın ciddi sağlamlıq problemi yaşayacağı iddiasını irəli sürərək, “Amerika Birləşmiş Ştatları buna hazır olmalıdır, çünki Donald Tramp ağır xəstəlik keçirəcək” deyib.

Bu proqnozlar Peru şamanlarının baxışına əsaslanır və rəsmi siyasi, hərbi və ya tibbi mənbələr tərəfindən təsdiq olunmayıb. Lakin hər il olduğu kimi bu il də mərasim iştirakçıları ictimaiyyətdə maraq və müzakirələrə səbəb olub.