Paşinyan Qarabağ veteranlarının təltiflərini ləğv edir?

Türkiyə mediasında Ermənistan hakimiyyətinin Qarabağ müharibəsi veteranlarının dövlət təltifləri və sosial imtiyazlarının ləğvi ilə bağlı qərar hazırladığı iddia olunur. Rəsmi təsdiq hələlik yoxdur.

9

Türkiyə mediası Nikol Paşinyanın Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarına verilmiş dövlət təltifləri, orden və medalların geri alınması ilə bağlı əmr imzalayacağı barədə məlumat yayıblar.

İddialara görə, söhbət Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərindəki döyüş əməliyyatlarına görə fərqlənmiş veteranlardan orden və medalların tam müsadirə edilməsindən gedir. Həmçinin həmin kateqoriyaya aid şəxslər üçün sosial güzəştlərin və ödənişlərin mərhələli şəkildə azaldılmasının planlaşdırıldığı bildirilir. Məlumata əsasən, 2027-ci ilin yanvarına qədər erməni veteranlar üçün bütün xüsusi imtiyaz və müavinətlərin tamamilə ləğvi nəzərdə tutulur.

Məlumatda qeyd olunur ki, bu addım Ermənistanın baş naziri Nikol Paşinyanın son illərdə apardığı siyasi kursla əlaqələndirilir. “CivilNet“-in daha əvvəl yaydığı materiallarda Paşinyanın Müstəqillik Bəyannaməsinin 35 illiyi münasibətilə etdiyi çıxışda Qarabağ hərəkatını “sovet ideologiyası” ilə bağladığı və bu xəttin Ermənistanın real dövlətçiliyinə maneə olduğunu vurğuladığı qeyd olunurdu.

Baş nazir daha əvvəl parlamentdə və ictimai çıxışlarında “Qarabağ hərəkatı”na son qoyulmasının vacibliyini bildirmiş, bu xətti Azərbaycanla sülhə və Ermənistan dövlətçiliyinin gələcəyinə maneə kimi qiymətləndirmişdi. “CivilNet”-in gündəlik icmalında da Paşinyanın Qarabağdan köçkün bir qadınla metroda yaşadığı mübahisədən sonra bu mövzunun ölkədə hələ də kəskin emosional reaksiya doğurduğu vurğulanır.

Bununla belə, veteranların bütün mükafat və imtiyazlarının geri alınması ilə bağlı konkret qərarın qəbul edildiyini təsdiqləyən rəsmi Ermənistan sənədi və ya hökumət açıqlaması açıq mənbələrdə görünmür. Hazırda bu məlumat əsasən Türkiyə mediasında yayılan iddia kimi təqdim olunur.