Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması artıq reallığa çevrilib.
MSNews.az xəbər verir ki, Paşinyan çıxışında 1991-ci il Almatı Bəyannaməsinin iki ölkə arasında sərhədin müəyyənləşdirilməsi və sülh prosesində əsas prinsiplərdən biri olduğunu vurğulayıb.
Ermənistanın baş naziri qeyd edib ki, 2024-cü ildə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni imzalayıb və ratifikasiya edib. Onun sözlərinə görə, bu sənəd müstəqil Azərbaycan və Ermənistan arasında bağlanmış ilk hüquqi qüvvəyə malik ikitərəfli sənəddir.
Paşinyan bildirib ki, həmin Əsasnamədə dövlət sərhədinin delimitasiyasının əsas prinsipi kimi Almatı Bəyannaməsi təsbit olunub. O əlavə edib ki, bu prinsip Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair paraflanmış sazişin preambulasında da əksini tapıb.
Baş nazir çıxışında artıq əldə olunan praktiki nəticələrdən də danışıb. Onun sözlərinə görə, iki ölkə arasında dövlət sərhədinin təxminən 12 kilometrlik hissəsində delimitasiya və demarkasiya həyata keçirilib.
Paşinyan həmçinin bildirib ki, Azərbaycan dəmir yolu təxminən bir ildir Ermənistan yüklərinin daşınmasına açıqdır və iki ölkə arasında birbaşa ticarət əlaqələri başlayıb. Bu fakt Azərbaycan və Ermənistan liderlərinin avqustun 31-də yaydığı birgə məlumatda da qeyd olunmuşdu.
Paşinyanın sözlərinə görə, Almatı Bəyannaməsinin prinsiplərinin yenidən siyasi-hüquqi əsas kimi qəbul edilməsi sülh prosesində dönüş nöqtələrindən biri olub.
Bununla belə, hazırkı mərhələdə Azərbaycan və Ermənistan arasında sülh sazişi yekun şəkildə imzalanmayıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda sazişin razılaşdırılmış mətni paraflanıb və tərəflər münasibətlərin normallaşdırılması istiqamətində işi davam etdirirlər.