Paşinyan Apostol Kilsəsinə qarşı addımları sərtləşdirir: “Şoqakat” TV bağlanır, torpaq güzəştləri ləğv edilir

Ermənistan hökuməti Apostol Kilsəsinə məxsus “Şoqakat” telekanalının fəaliyyətini dayandırır, kilsənin torpaq güzəştlərini ləğv edir. Paşinyanla kilsə arasında gərginlik artır.

89

Ermənistan hökuməti Apostol Kilsəsinin fəaliyyətinə dair yeni məhdudlaşdırıcı qərarlar qəbul edib. Baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə həyata keçirilən dəyişikliklər çərçivəsində 2011-ci ildən bəri fəaliyyət göstərən və kilsəyə məxsus “Şoqakat” televiziya kanalını yayımlayan “Mənəvi-mədəni ictimai televiziya şirkəti” QSC-nin ləğvi barədə qərar verilib. Qərara əsasən, telekanalın yayımı 1 yanvar 2026-cı il tarixindən tam dayandırılacaq.

Qərarın hüquqi əsası oktyabr ayında “Audiovizual media haqqında” qanuna edilən dəyişikliklərdir. Ermənistan hökuməti bununla yanaşı, “Torpaq Məcəlləsi”nə də düzəlişlər edib. Yeni dəyişikliklərə əsasən, Ermənistan Apostol Kilsəsi dövlət torpaqlarını ödənişsiz əldə etmək hüququndan məhrum olunur.

Qeyd edək ki, son dövrlər Paşinyanla Ermənistan Apostol Kilsəsi arasında gərginlik artıb. Baş nazir daha əvvəl bütün ermənilərin katolikosu II Qareginin istefa verməli olduğunu bəyan edib, onu dövlət təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Paşinyanın sözlərinə görə, katolikos subaylıq andını pozub və bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməlidir.