Katolik dünyasının ilk amerikalı papası olan Papa Leo ABŞ prezidenti Donald Trampa qarşı ilk dəfə açıq və birbaşa tənqidi mövqe nümayiş etdirib. Leo son həftələrdə İran müharibəsinə qarşı çıxışlarını sərtləşdirib və çərşənbə axşamı Trampa müraciət edərək genişlənən münaqişəyə son qoymaq üçün yol tapmağa çağırıb. Bu, onun prezidentin adını ilk dəfə açıq şəkildə çəkməsi ilə də diqqət çəkib.
Vatikanı izləyən ekspertlər bunu Papanın tonunda və yanaşmasında ciddi dəyişiklik kimi qiymətləndirirlər. Onların fikrincə, Leo qlobal səhnədə Tramp və onun xarici siyasət kursuna qarşı mənəvi əks-çəki rolunu oynamaq istəyir. Papa müraciətində ABŞ siyasi dilində tez-tez işlənən “off-ramp” ifadəsindən istifadə edib ki, bu da mesajın birbaşa Ağ Evə hesablandığını göstərir.
İki gün əvvəl Leo daha sərt bəyanatla çıxış edərək müharibə başladan liderlərin dualarının Tanrı tərəfindən qəbul edilmədiyini, çünki onların “əllərinin qan içində” olduğunu söyləmişdi. Bu açıqlama bəzi mühafizəkar katolik şərhçilər tərəfindən ABŞ müdafiə naziri Pit Heqsetə yönəlmiş mesaj kimi şərh olunub. Ağ Ev sözçüsü Kerolayn Levitt isə cavabında prezidentin və hərbi rəhbərliyin amerikalıları hərbçilər üçün dua etməyə çağırmasında yanlış heç nə olmadığını bildirib.
Papa Leo bundan əvvəl də Tramp administrasiyasının sərt miqrasiya siyasətini tənqid etmişdi, lakin o zaman prezidentin adını birbaşa çəkməmişdi.
Vatikan rəsmiləri hesab edir ki, Papanın səsi dünyada əhəmiyyətli rezonans doğura bilər. Yüksəkvəzifəli vatikanlı kardinal Maykl Çerni bildirib ki, Leo ümumi rifah, bütün insanlar və xüsusilə də həssas təbəqələr üçün danışdığına görə onun mənəvi səsi inandırıcı görünür. Bu həftə başlayan Pasxa mərasimləri fonunda isə Leonun Müqəddəs Pyotr bazilikasının eyvanından verəcəyi ənənəvi mesaj xüsusi diqqətlə izlənəcək.