ABŞ-nin sabiq prezidenti Barak Obama uzun illərdir maraq və mübahisə mövzusu olan 51-ci Zona və yadplanetlilərlə bağlı iddialara aydınlıq gətirib. Obama bildirib ki, ABŞ-da bu obyekt ətrafında dolaşan konspirasiya nəzəriyyələrinin əksəriyyəti reallığı əks etdirmir və 51-ci Zonada gizlədilən yadplanetlilər və ya UNO texnologiyaları mövcud deyil.
Obama vurğulayıb ki, prezident olduğu dövrdə ona 51-ci Zona ilə bağlı xüsusi və ya sensasiyalı məlumat təqdim edilməyib. O, bu tip iddiaların daha çox populyar mədəniyyət və sosial mediada yayılan miflərdən qaynaqlandığını deyib.
Bununla yanaşı, sabiq prezident kainatda başqa həyat formalarının mövcudluğu ehtimalının elmi baxımdan mümkün olduğunu qeyd edib. Obama bildirib ki, milyardlarla qalaktika və ulduz sisteminin mövcud olduğu bir kainatda Yer kürəsinin yeganə həyat məkanı olması ehtimalı aşağıdır. Lakin o, ABŞ hökumətinin yadplanetlilərlə təmas qurduğuna və ya bunu ictimaiyyətdən gizlətdiyinə dair iddiaları təkzib edib.
Obamanın “yadplanetlilər real ola bilər” məzmunlu açıqlaması sosial mediada geniş rezonans doğurub, müxtəlif şərhlərə və müzakirələrə səbəb olub. Bir çox istifadəçi bu sözləri “rəsmi etiraf” kimi dəyərləndirsə də, Obama açıqlamalarının elmi ehtimallara əsaslandığını və konkret sübutlara söykənmədiyini xüsusi olaraq vurğulayıb.