Sosial şəbəkələrdə maskalı şəxslərin Fransa hakimiyyətindən Nitsa bazilikasında üç nəfəri qətlə yetirən Brahim Auissauinin azad edilməsini tələb etdiyi və əks halda Parisdəki Notr-Dam kilsəsini yandıracağı ilə hədələdiyi video yenidən yayılıb. Lakin araşdırmalar görüntülərin real terror təhdidi olmadığını və daha əvvəl ifşa edilmiş saxta material olduğunu göstərir.
MSNews.az xəbər verir ki, video ilk dəfə 2025-ci ilin yanvarında yayılıb. Görüntülərdə üç maskalı şəxs özünü Suriyadakı “Hayat Tahrir al-Sham” (HTS) qruplaşması ilə əlaqəli kimi təqdim edir, Aouissaouinin azad edilməsini tələb edir və Notr-Damın maketini yandırır.
Lakin “TF1” tərəfindən aparılan yoxlama zamanı cihadçı şəbəkələri araşdıran ekspertlər videonun etibarlılığını ciddi şəkildə şübhə altına alıblar. Görüntülərin HTS-in rəsmi kommunikasiya kanallarından yayılmadığı, istifadə olunan loqonun orijinal nişanla tam uyğun gəlmədiyi və danışan şəxslərin ərəb dilindəki aksentinin də Suriyaya uyğun olmadığı qeyd edilib.
Fransa Müdafiə Nazirliyi isə həmin videonu 2025-ci ilin ilk yarısında ölkəyə qarşı aparılan dezinformasiya əməliyyatları sırasında göstərib. Nazirliyin məlumatına görə, material “Storm 15-16” adlandırılan və Fransa cəmiyyətində parçalanma yaratmağa yönəlmiş informasiya manipulyasiyası kampaniyasının nümunələrindən biri olub.
“Euronews” da videonun 2025-ci ilin sentyabrında yenidən sosial şəbəkələrdə yayılmasından sonra onun köhnə və saxta olduğunu təsdiqləyib. Nəşr materialın real terror qrupunun bəyanatı kimi qəbul edilməsinin əsassız olduğunu bildirib.
Videoda azadlığı tələb edilən Brahim Auissaui isə artıq sadəcə həbsdə saxlanılan şübhəli deyil. O, 2025-ci ilin fevralında Paris məhkəməsi tərəfindən 2020-ci il oktyabrın 29-da Nitsadakı Notr-Dam bazilikasında üç nəfəri öldürdüyünə və daha bir neçə nəfəri öldürməyə cəhd etdiyinə görə şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzasına məhkum edilib.