Nipah virusu təşvişi Asiyada hava limanlarını hərəkətə gətirdi

Hindistanda iki Nipah virusu hadisəsinin təsdiqlənməsindən sonra Sinqapur, Tailand, Honkonq, Malayziya və Nepalda hava limanlarında tibbi yoxlamalar gücləndirilib. Virusun ölüm riski yüksəkdir, lakin sürətlə yayılmır.

62

Hindistanda ölüm riski yüksək olan Nipah virusuna iki yoluxma halının təsdiqlənməsindən sonra Asiyanın bir sıra ölkələrində hava limanlarında tibbi nəzarət tədbirləri gücləndirilib.

Reuters“-in məlumatına görə, Tailand, Sinqapur, Honkonq, Malayziya və Nepal hakimiyyətləri virusun regiona yayılmasının qarşısını almaq məqsədilə sərnişinlər üçün əlavə yoxlamalar tətbiq etməyə başlayıb.

Meyvəyarasaları və donuzlar kimi heyvanlar vasitəsilə də yayılan Nipah virusu yüksək hərarət və beyin iltihabına səbəb ola bilir və yoluxanların 40–75 faizi üçün ölümcül nəticə riski daşıyır. Virus insandan insana keçə bilsə də, bu proses asan baş vermir və adətən yoluxmuş şəxslə uzunmüddətli yaxın təmas tələb edir. Mütəxəssislər virusun daha çox yarasalar tərəfindən çirkləndirilmiş meyvələr vasitəsilə insanlara keçdiyini bildirirlər.

Hindistanın Səhiyyə Nazirliyi açıqlayıb ki, dekabrın sonlarında Qərbi Benqal ştatında qeydə alınan iki yoluxma halı tibb işçiləri arasında aşkarlanıb və hər iki şəxs hazırda xəstəxanada müalicə olunur. Yoluxmuş şəxslərlə təmasda olan 196 nəfər müəyyən edilərək yoxlanılıb və onların hamısının test nəticələri mənfi çıxıb. Rəsmi qurumlar yayılan şayiə və şişirdilmiş rəqəmlərin həqiqəti əks etdirmədiyini vurğulayıb.

Baş verən hadisələrdən sonra Sinqapur Hindistandan gələn bəzi reyslərdə sərnişinlər üçün temperatur ölçülməsinə başlayacağını elan edib. Honkonq hava limanında Hindistandan gələn sərnişinlər üçün qapılarda istilik yoxlamaları tətbiq olunur. Tailand isə Nipah halları qeydə alınan bölgələrdən gələn təyyarələr üçün xüsusi dayanacaqlar ayırıb və sərnişinlərdən sağlamlıq bəyannaməsi doldurmaq tələb olunur. Malayziya və Nepal da beynəlxalq giriş məntəqələrində səhiyyə nəzarətini gücləndirib.

Ümumdünya Səhiyyə Təşkilatı Nipah virusunu prioritet təhlükəli patogenlər siyahısına daxil edib. Bunun əsas səbəbləri təsdiqlənmiş peyvənd və müalicə üsulunun olmaması, yüksək ölüm göstəricisi və virusun mutasiya edərək daha asan yayıla biləcəyi ehtimalıdır.

2025-ci ilin dekabrına olan məlumata görə, dünyada ümumilikdə 750 təsdiqlənmiş Nipah yoluxması qeydə alınıb və onlardan 415-i ölüm ilə nəticələnib. Qərbi Benqalda aşkarlanan son hallar ştatda təxminən 20 ildən sonra qeydə alınan ilk yoluxmalardır.