İsrailin Baş naziri Benyamin Netanyahunun mətbuat komandasında yeni təyinat növbəti qalmaqala çevrilib.
“The Times of Israel“ yazır ki, əvvəllər heyvan haqları fəalı kimi tanınan Tal Gilboa, irqçi və təhqiramiz açıqlamaları səbəbilə vəzifədən gedən Ziv Aqmonun əvəzləyicisi kimi gündəmə gəlib. Məsələ, Gilboanın keçmiş sosial media paylaşımlarının üzə çıxmasından sonra ölkədə siyasi və ictimai tənqid dalğası yaradıb.
“Channel 12″ Gilboanın keçmişdə ruslar, LGBT icması və ət yeyən insanlarla bağlı təhqiramiz ifadələr işlətdiyini yayıb. Nəşrin sitat gətirdiyi paylaşımlar arasında ruslarla bağlı “iyrənc”, LGBT şəxslərə qarşı isə kobud və homofob təhqirlər yer alıb. Eyni materialda onun 8 yaşlı xərçəng xəstəsi uşağa qan verməkdən imtina etdiyini və “ət yeyən ölsə, daha az əzab olar” məzmunlu fikir yazdığı da qeyd olunur.
Bu təyinat İsraildə xüsusilə ona görə rezonans doğurub ki, ondan əvvəlki sözçü Ziv Aqmon da mizrahi yəhudiləri və digər qruplarla bağlı təhqiramiz ifadələrə görə istefaya göndərilmişdi. Müxalifət Netanyahunu ardıcıl olaraq nifrət və ayrı-seçkilik xarakterli bəyanatlarla əlaqələndirilən şəxslərə dözümlü yanaşmaqda ittiham edir.