İsrail Baş naziri Benyamin Netanyahunun ofisi ABŞ tərəfindən Qəzza sektorunun idarə olunması üçün yaradılan “Sülh Şurası”na bağlı icra komitəsinin tərkibinin elan edilməsini sərt şəkildə tənqid edib.
İsrail tərəfi bildirir ki, komitənin formalaşdırılması rəsmi Tel-Əvivlə razılaşdırılmayıb və bu addım ölkənin Qəzza ilə bağlı siyasi mövqeyinə ziddir.
“Axios” portalının jurnalisti Barak Ravid Netanyahunun ofisinə istinadla sosial şəbəkədə yazıb ki, baş nazir məsələ ilə bağlı İsrail xarici işlər naziri Gideon Saara ABŞ Dövlət katibi Marko Rubio ilə təcili əlaqə saxlamağı tapşırıb. İsrail hökuməti Vaşinqtonun bu qərarını birtərəfli addım kimi qiymətləndirir və onun regional balansı poza biləcəyindən narahatdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 15 yanvarda Qəzzanı idarə etmək məqsədi daşıyan beynəlxalq “Sülh Şurası”nın formalaşdırılmasının başa çatdığını elan etmiş və bu qurumu “tarixdə yaradılmış ən nüfuzlu şura” adlandırmışdı. “Axios” daha əvvəl ABŞ-ın bir sıra ölkələrə şuraya qoşulmaq üçün dəvət göndərdiyini və ilk iclasın yaxın günlərdə Trampın sədrliyi ilə keçirilə biləcəyini yazmışdı.
Netanyahu administrasiyasının reaksiyası ABŞ-İsrail münasibətlərində Qəzza məsələsi ətrafında yeni fikir ayrılıqlarının yarandığını göstərir. Tel-Əviv hesab edir ki, bölgənin gələcəyi ilə bağlı qərarlar İsrailin iştirakı olmadan qəbul edilə bilməz.