İsrailin Baş naziri Binyamin Netanyahu Aralıq dənizi hövzəsində və Yaxın Şərqdə yeni ittifaq oxu yaratmaq niyyətində olduqlarını açıqlayıb.
Netanyahu kabinet iclası öncəsi çıxışında bildirib ki, planlaşdırılan yeni ittifaq Hindistan, bəzi ərəb və Afrika ölkələri, eləcə də Yunanıstan, Cənubi Kipr Rum Administrasiyası və bir sıra Asiya dövlətlərini əhatə edə bilər. Onun sözlərinə görə, məqsəd oxşar təhlükələrlə üzləşən ölkələri bir platformada birləşdirməkdir.
Baş nazir qeyd edib ki, formalaşdırılacaq ittifaq həm “radikal şiə oxu”, həm də “radikal sünni oxu” adlandırdığı qüvvələrə qarşı yönələcək. O, İsrailin bu təhlükələrə qarşı sərt tədbirlər gördüyünü vurğulayıb.
Netanyahu planlaşdırılan “altıbucaqlı” ittifaqın detalları barədə yaxın günlərdə əlavə məlumat veriləcəyini bildirib. O həmçinin əlavə edib ki, bu çərçivədə Hindistanın Baş naziri Narendra Modi fevralın 25-də İsrailə səfər edəcək.
Analitiklər hesab edirlər ki, bu təşəbbüs Şərqi Aralıq dənizi və Yaxın Şərqdə geosiyasi balansı dəyişə biləcək yeni regional əməkdaşlıq formatının əsasını qoya bilər.