NEOM layihəsi tənəzzül etdi?

Səudiyyə Ərəbistanının “Vision 2030” strategiyası çərçivəsində səhrada qurulan NEOM meqa layihəsində inşaat gecikmələri və maliyyə çətinlikləri səbəbindən layihənin bəzi hissələri yenidən nəzərdən keçirilir, həcmi kiçildilə və ya tamamilə ləğv edilə bilər.

48

Səudiyyə Ərəbistanının “Vision 2030” strateji planı çərçivəsində səhranın 200 km dərinliyində inşa etmək istədiyi 6,8 trilyon funt sterlinq dəyərindəki NEOM meqa şəhər layihəsi ciddi təhlilə məruz qalıb. Layihədə qarşıya qoyulan məqsədlər və tikinti cədvəlləri, inşaat işlərindəki gecikmələr və büdcə disiplini problemlərinə görə yenidən qiymətləndirilir və uyğunlaşdırılır.

Ən çox diqqət çəkən hissələrdən biri “The Line” adlanan və 170 kilometr uzunluğunda, 500 metr hündürlüyündə olması planlanan futuristik şəhərdir.

Orijinal planlara görə burada təxminən 9 milyon nəfərlik yaşayış zonası yaradılmalı idi. Lakin milyardlarla funt sərmayəyə baxmayaraq tikinti işləri planlaşdırılan sürətdən çox geri qalır. Bunun nəticəsində layihənin bu hissəsinin tamamilə ləğv edilmək və ya yalnız simvolik səviyyədə həyata keçirilmək ehtimalı gündəmdədir.

Bundan əlavə, turizm infra­strukturunu gücləndirməsi planlanan “Trojena” bölgəsində də gecikmələr var. Bu zona 2029-cu ildə Asiya Qış Oyunlarına ev sahibliyi etməli idi, lakin rəsmi mənbələr buna çatmağın mümkün olmayacağını təsdiqləyib.

Səudiyyə hökumət mənbələri bildirirlər ki, layihənin gələcəyi üçün strategiya dəyişir. Aşağı neft qiymətlərinin büdcəyə yaratdığı təzyiq səbəbindən fiziki struktur və binalara investisiyalardan daha çox yüksək texnologiya, süni intellekt və məlumat mərkəzləri kimi yüksək dəyərli layihələrə üstünlük veriləcək. Beləliklə, NEOM sadəcə bir yaşayış məkanı olmaqdan çıxaraq qlobal süni intellekt və texnologiya mərkəzinə çevrilə bilər.