Qazaxıstanın 2020–2030-cu illər üzrə Xarici Siyasət Konsepsiyasından ölkənin ilk prezidenti Nursultan Nazarbayevə xüsusi xarici siyasət səlahiyyəti verən müddəa çıxarılıb.
MSNews.az xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev avqustun 14-də konsepsiyaya dəyişikliklər edilməsi barədə fərman imzalayıb. “Ak Jayık” və “Fergana” bildirir ki, əvvəlki redaksiyada Nazarbayevin “tarixi missiyası” əsas gətirilərək onun xarici siyasətin mühüm məsələləri üzrə xalqa, dövlət qurumlarına və vəzifəli şəxslərə ömürlük təşəbbüslərlə müraciət etmək hüququ qeyd olunurdu. Yeni redaksiyada bu müddəa ləğv edilib.
Konsepsiyanın əsas prinsiplərindən biri də dəyişdirilib. Əvvəl sənəddə “Birinci Prezident – Elbası N.A.Nazarbayevin xarici siyasət kursunun davam etdirilməsi” ifadəsi yer alırdısa, indi yalnız “xarici siyasət kursunun yeni inkişaf mərhələsində davamlılığı” qeyd olunur. Beləliklə, xarici siyasətin davamlılığı konkret olaraq Nazarbayevin adı ilə əlaqələndirilmir.
Bununla belə, dəyişiklik Nazarbayevin həmin hüquqdan məhz indi məhrum edilməsi demək deyil. Qazaxıstanın rəsmi hüquqi məlumat sistemi “Adilet” göstərir ki, bu səlahiyyətin hüquqi əsasını təşkil edən “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Konstitusiya Qanunu hələ 2023-cü il fevralın 13-də qüvvədən düşüb. Hazırkı dəyişiklik faktiki olaraq artıq hüquqi qüvvəsi olmayan müddəanın Xarici Siyasət Konsepsiyasından da çıxarılmasıdır.
Yeni dəyişikliklər fərmanın imzalandığı gündən qüvvəyə minib.