Napoleonun itirdiyi almaz broş rekord qiymətə satıldı

Fransa imperatoru Napoleon Bonapartın Vaterloo döyüşündən sonra itirdiyi tarixi almaz broş, Cenevrədə keçirilən "Sotheby’s" hərracında 3,5 milyon İsveçrə frankına satılaraq rekord qırdı.

119

Fransa imperatoru Napoleon Bonapartın Vaterloo döyüşündən qaçarkən itirdiyi düşünülən tarixi almaz broş Cenevrədə keçirilən Sotheby’s hərracında 3,5 milyon İsveçrə frankına (təxminən 186 milyon manat) satılıb. Bu satış, bəzək üçün əvvəlcədən təyin edilən 200 min franklıq təxminin on dəfədən çox üzərində reallaşıb.

Tarixi zinət əşyası həm broş, həm də boyunbağı asqısı kimi istifadə oluna bilir. Onun mərkəzində 13 karatdan çox çəkisi olan oval formalı almaz, ətrafında isə kiçik parlaq brilyant daşlar yerləşir. Əl işi olan bu incə dizayn yalnız zərif görünüşü ilə deyil, həm də tarixi dəyəri ilə diqqət çəkir.

“Sotheby’s”-in açıqlamasına görə, bu unikal bəzək Napoleonun qaçışı zamanı palçıq içində qalan at arabalarındakı şəxsi əşyaları arasında tapılıb. Fransız ordusunun Britaniya və Prussiya qüvvələrindən geri çəkildiyi dövrdə itirdiyi düşünülən bu zinət əşyası, əsrlər boyu Prussiya kral ailəsi — Hohenzollern sülaləsinin mirası kimi qorunub saxlanılıb.

Hərracda diqqət çəkən başqa bir əşya da Napoleonun 1804-cü ildə tacqoyma mərasimində taxdığı 132 karatlıq yaşıl beril daşı olub. Bu daş da təxmin edilən qiymətinin 17 qatına — 838 min İsveçrə frankına satılıb.