“MyLift” platforması 2026-cı ildə istifadəyə veriləcək

“MyLift” adlı rəqəmsal platforma 2026-cı ilin yanvarında istifadəyə veriləcək. Vətəndaşlar liftlərin təhlükəsizliyini, texniki vəziyyətini və real vaxt yoxlamalarını onlayn izləyə biləcəklər. Sistem şikayətlərin azalmasına töhfə verəcək.

83

“MyLift” — Azərbaycanda lift təhlükəsizliyinə real vaxt nəzarət imkanı təqdim edən platforma 2026-cı ildə istifadəyə veriləcək

Azərbaycanda liftlərin təhlükəsizliyinin rəqəmsal şəkildə izlənməsi üçün hazırlanan “MyLift” elektron platforması 2026-cı ilin yanvarında istifadəyə veriləcək. Bu barədə Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə “Sənaye Təhlükəsizliyi Zirvəsi 2025” tədbirində məlumat verib.

Orxan Xəlilzadənin sözlərinə görə, təhlükəli əməliyyatlarda süni intellekt dəstəkli qərarvermə, proqnozlaşdırıcı analitika, rəqəmsal əkizlər, sensor əsaslı real vaxt monitorinqi və insan-maşın əməkdaşlığı kimi texnologiyalar sənaye təhlükəsizliyində ciddi transformasiya yaradır. “Bir ildir üzərində işlədiyimiz ‘MyLift’ rəqəmsal platformasını 2026-cı ilin əvvəlindən istifadəyə verəcəyik”, – deyə o bildirib.

Yeni platforma vasitəsilə vətəndaşlar istifadə etdikləri liftlərin təhlükəsizlik vəziyyəti, texniki göstəriciləri və aparılan real vaxt yoxlamalarının nəticələri ilə dərhal tanış ola biləcəklər. Bu sistem sayəsində liftlərlə bağlı şikayətlərin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.

“MyLift” platformasının 2026-cı ildə bütün vətəndaşların istifadəsinə təqdim olunması planlaşdırılır.