Myanmarda hava hücumları: 26 mülki şəxs öldü

Myanmarda Arakan və Saqainq bölgələrinə ordunun hava zərbələri nəticəsində 26 mülki şəxs həlak olub, 19 nəfər yaralanıb.

27

Myanmar ordusuna məxsus döyüş təyyarələrinin ölkənin ArakanSaqainq bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı 26 mülki şəxs həyatını itirib, 19 nəfər yaralanıb.

“Burma’s Democratic Voice” (DVB) portalının yaydığı məlumata görə, Arakan ştatının Ponnaqyun bölgəsinə təşkil olunan hava hücumunda 17 mülki şəxs ölüb, 14 nəfər xəsarət alıb. Saqainq bölgəsinin şimal-qərbində həyata keçirilən digər hücumda isə 9 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb.

Məlumata əsasən, hücumlar yaşayış məntəqələrini hədəf alıb və bölgədə humanitar vəziyyət daha da ağırlaşıb. Yerli mənbələr ölən və yaralananların əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirir.

Xatırladaq ki, Myanmar ordusu 2020-ci il ümumi seçkilərində saxtakarlıq iddialarını əsas gətirərək 1 fevral 2021-ci ildə hakimiyyəti ələ keçirib. Hərbi çevrilişdən sonra ölkənin faktiki lideri və xarici işlər naziri Aunq San Suu Kyi də daxil olmaqla çoxsaylı rəsmi şəxs saxlanılıb və ölkədə fövqəladə vəziyyət elan edilib.

Çevrilişə qarşı keçirilən dinc etirazların zorakılıqla yatırılmasından sonra silahlı müqavimət və ölkə miqyasında toqquşmalar başlayıb. Yerli və beynəlxalq təşkilatların məlumatına görə, 2021-ci ildən bu yana davam edən qarşıdurmalar nəticəsində 6 mindən çox insan ölüb, təxminən 3 milyon nəfər isə ev-eşiyindən didərgin düşüb.