Almaniyada keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ və Suriya rəsmiləri arasında diqqət çəkən görüş baş tutub. Görüşdə ABŞ dövlət katibi Marko Rubio, Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani və Suriyanın Demokratik Qüvvələrinin (SDQ) komandanı Mazlum Abdi iştirak edib.
Müzakirələr zamanı Suriyanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizlik məsələləri ön plana çıxarılıb. ABŞ tərəfi İŞİD-lə mübarizə və regional sabitlik istiqamətində dəstəyini bir daha ifadə edib.
ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak görüşdən çəkilmiş fotonu “Bir şəkil min kəlməyə bərabərdir – yeni bir başlanğıc” sözləri ilə paylaşaraq diqqətləri bu görüşə yönəldib.
Sosial mediada sürətlə yayılan görüntü beynəlxalq ictimaiyyətdə Suriyada mümkün siyasi proseslərlə bağlı yeni mərhələnin başlaya biləcəyi barədə şərhlərə səbəb olub.