ABŞ-İsrail qüvvələrinin İrana qarşı hərbi əməliyyatları genişləndirməsi fonunda yüzlərlə İran vətəndaşı Türkiyə ilə sərhədi keçərək ölkəyə daxil olub. Hadisə Kapıköy Sərhəd Keçid Məntəqəsində qeydə alınıb.
Şahidlərin məlumatına görə, bazar ertəsi günortadan sonra İran tərəfdən Türkiyəyə keçidlər artıb. Halbuki səhər saatlarında Türkiyə rəsmiləri üç sərhəd-keçid məntəqəsində günlük sərnişin keçidlərinin qarşılıqlı şəkildə dayandırıldığını, yalnız Türkiyə vətəndaşları və üçüncü ölkə vətəndaşlarının buraxıldığını açıqlamışdı. Bazar günü isə bəzi iranlıların ölkədən çıxışına icazə verilmədiyi bildirilirdi.
Sərhədi keçən şəxslər Tehrandakı vəziyyətin gərgin olduğunu deyiblər. Paytaxtdan gələn və adının açıqlanmasını istəməyən bir kişi şəhərdə partlayış səslərinin eşidildiyini, insanların təşviş içində olduğunu bildirib. Onun sözlərinə görə, müharibənin ilk günündə mağazalarda sıxlıq yaşanıb.
Qəzvin bölgəsindən olan İran azərbaycanlısı Binali Kılıç isə hərbi obyektlərə zərbələrin gündəlik həyata təsir etdiyini deyib. O qeyd edib ki, əhali əsasən evlərinə çəkilib, ən böyük narahatlıq isə yanacaq çatışmazlığıdır. “Yanacaqdoldurma məntəqələrində növbələr var”, – deyə o əlavə edib.
Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, İran öz vətəndaşlarının Türkiyə üzərindən ölkəyə qayıtmasına icazə verir. O əlavə edib ki, hər üç sərhəd-keçid məntəqəsində kommersiya yük daşımaları nəzarətli şəkildə davam edir və sərhəd xidmətləri yüksək hazırlıq rejimində fəaliyyət göstərir.
Hazırda regionda vəziyyət gərgin olaraq qalır və münaqişənin genişlənməsi fonunda sərhədlərdə hərəkətlilik davam edir.