Müctəba Xameneinin sərvəti ilə bağlı iddialar gündəmə gəldi

İranın ali lideri Ali Xameneinin ölümündən sonra oğlu Müctəba Xameneinin milyardlarla dollar dəyərində olduğu iddia edilən sərvəti yenidən müzakirə mövzusu olub.

28

İranın ali lideri Əli Xameneinin ölümündən sonra onun oğlu Müctəba Xameneinin şəxsi sərvəti ilə bağlı iddialar yenidən müzakirə mövzusuna çevrilib. Beynəlxalq mediada yayılan məlumatlara görə, Müctəba Xamenei ilə əlaqəli olduğu iddia edilən aktivlərə xaricdə yerləşən lüks daşınmaz əmlak və müxtəlif maliyyə investisiyaları daxildir.

Araşdırmalara görə, onunla əlaqələndirilən aktivlər arasında Londonda yerləşən və ümumi dəyəri 100 milyon dollardan artıq olan lüks mənzillər və villalar da var. Bu əmlakların bir hissəsinin müxtəlif şirkətlər və vasitəçilər vasitəsilə alındığı bildirilir.

Bəzi mənbələr isə Müctəba Xameneinin sərvətinin milyardlarla dollar həcmində ola biləcəyini iddia edir. Müxtəlif hesabatlarda onun aktivlərinin bank hesabları, daşınmaz əmlak və digər investisiyalar vasitəsilə idarə olunduğu qeyd edilir.

Analitiklərin fikrincə, bu məlumatlar İran rəhbərliyində iqtisadi şəffaflıq və hakim elitanın maliyyə imkanları ilə bağlı müzakirələri daha da gücləndirib. Eyni zamanda, ölkədə iqtisadi çətinliklərin davam etdiyi bir dövrdə belə iddialar ictimai narazılığı artıran amillərdən biri kimi qiymətləndirilir.