Müctəba Xameneinin səhhətinin pisləşdiyi bildirilir

İranın Ali Dini Lideri Müctəba Xamneyinin səhhətinin ağırlaşdığı barədə yeni məlumatlar yayılıb. İran hakimiyyəti onun hazırkı vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

65

İranın Ali Dini Lideri Müctəba Xameneinin səhhətinin yenidən pisləşdiyi barədə məlumatlar yayılıb. Lakin onun hazırda kritik vəziyyətdə olması və xüsusi tibbi nəzarətə götürülməsi barədə məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

MSNews.az xəbər verir ki, “IranWire” avqustun 6-da İran Prezidenti Məsud Pezeşkian administrasiyasına yaxın iki mənbəyə istinadən ölkə rəhbərliyində Xamneyinin səhhəti ilə bağlı ciddi narahatlıq yarandığını yazıb. Mənbələrdən biri onun fiziki vəziyyətinin ağır olduğunu bildirib. Nəşrin məlumatına görə, hakimiyyətin yüksək dairələrində Xamneyinin vəziyyətinin son dərəcə kritik olması barədə şayiələr də yayılır.

Eyni mənbələr Müctəba Xamneyinin fevralın 28-də atasının – keçmiş Ali Dini Lider Əli Xamneyinin öldürüldüyü ABŞ-İsrail zərbələrindən sonra hökumət üzvləri ilə üzbəüz görüş keçirmədiyini iddia edir. Xamneyi Ali Dini Lider seçildikdən sonra ictimaiyyət qarşısına çıxmayıb və onun adından yalnız yazılı müraciətlər yayımlanıb.

“Reuters” iyul ayında İran daxilindəki yüksək vəzifəli mənbələrə istinadən Xamneyinin fevral zərbələri zamanı üz və digər nahiyələrindən xəsarətlər aldığını, qərarların qəbulunda iştirak etdiyini, lakin ictimaiyyət qarşısına çıxacaq qədər sağalmadığını bildirmişdi. Agentliyin məlumatına görə, onun vəziyyəti barədə son rəsmi açıqlamalardan birini may ayında Prezident Məsud Pezeşkian verib və Xamneyinin səhhətinin yaxşılaşdığını deyib.

Beləliklə, avqustun 6-da yayılan yeni məlumatlar əvvəlki rəsmi açıqlamalarla ziddiyyət təşkil edir. İran hakimiyyəti Müctəba Xamneyinin hazırkı səhhəti və harada müalicə olunması barədə yeni rəsmi məlumat açıqlamadığından, onun vəziyyətinin kəskin pisləşməsi barədə xəbərlər hələlik müstəqil şəkildə təsdiqlənməyib.