İran mediası ölkənin Ali Dini Lideri Müctəba Xameneinin bir qrup dini tələbə ilə birlikdə olduğu nadir videogörüntüləri yayımlayıb. Bu, onun martda İranın yeni ali lideri seçilməsindən sonra ictimaiyyətə təqdim edilən çox az sayda videogörüntülərdən biridir.
MSNews.az xəbər verir ki, İranın “Mehr” agentliyi avqustun 8-də yayımladığı qısa materialı “İmam Seyid Müctəba Xameneinin dərs iclasından daha əvvəl az görülmüş video” kimi təqdim edib. Kadrlarda Xamnei bir qrup şəxsin arasında əyləşərək onlarla danışır. “Mehr” bunun dini dərs toplantısı olduğunu bildirir.
Bununla belə, videonun nə vaxt çəkildiyi açıqlanmayıb. Buna görə görüntülərin Xameneinin hazırkı səhhətini göstərən yeni çəkiliş olduğunu qəti şəkildə söyləmək mümkün deyil. Xarici mediada da video tarixsiz görüntü kimi təqdim olunur.
Xameneinin uzun müddət ictimaiyyət qarşısına çıxmaması onun səhhəti və fəaliyyət imkanları barədə müxtəlif iddiaların yayılmasına səbəb olub. Avqustun 9-da “Reuters” İran dövlət mediasına istinadən Prezident Məsud Pezeşkianın iyulun sonunda Xamenei ilə görüşdüyünü bildirib. Həmin görüşdə hərbi və iqtisadi məsələlərin müzakirə edildiyi açıqlanıb.
İranın “Mehr” agentliyi avqustun 9-da Pezeşkian-Xamenei görüşündən foto da yayımlayıb. İran mediasına görə, tərəflər ölkənin iqtisadi vəziyyəti, hərbi sahədəki proseslər, enerji və xarici iqtisadi əlaqələri müzakirə ediblər.