Müctəba Xamenei “İmam Zaman” tərəfindən seçilib – “Keyhan” qəzetinin iddiası

İranın “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari iddia edib ki, yeni ali lider Müctəba Xamenei “İmam Zaman” tərəfindən seçilib və ona itaət etmək dini baxımdan vacibdir.

51

İranın “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari qalmaqallı açıqlamasında iddia edib ki, İranın yeni ali lideri Müctəba Xamenei “İmam Zaman” tərəfindən seçilib və ona itaət etmək İmam Zamana itaət etmək deməkdir.

Bu barədə məlumat verən “Günaz TV” qeyd edir ki, Şəriətmədari yazısında vurğulayıb:

“Cəsarətlə demək olar ki, Müctəba Hüseyni Xamenei Həzrət Sahib-əz-Zaman tərəfindən seçilmiş şəxsdir və Ekspertlər Məclisinin kəşf etdiyi şəxs kimi təqdim olunub. Buna görə də ona itaət etmək İmam Zamana itaət etməkdir.”

Baş redaktor ideoloji sistemdə geniş yayılan dini iddiaları təkrarlayaraq əlavə edib:

“Qeyb dövründə Ekspertlər Məclisi İmam Zamanın nümayəndəsini seçmir. Əksinə, İmam Zaman özü nümayəndəsini seçir və sonra gizli yönləndirmələr vasitəsilə həmin şəxsi Ekspertlərin kəşf etdiyi şəxs kimi ortaya çıxarır.”

Bu iddialar İran hakimiyyətinin siyasi legitimliyini dini anlayışlarla əsaslandırması və hakimiyyətin ötürülməsini izah etmək üçün şiə ideologiyasından istifadə etməsi mövzusunda müzakirələri yenidən aktuallaşdırıb. Analitiklər hesab edir ki, belə açıqlamalar həm daxili siyasətdə nüfuz yaratmaq, həm də xalq arasında dini otoritetə dayanan legitimlik təsirini gücləndirmək məqsədi daşıyır.