Moskvada vağzal yaxınlığında partlayış: 1 polis öldü

Moskvada Savelovskiy dəmir yolu stansiyası yaxınlığında baş verən partlayışda 1 polis həlak olub, 2 polis yaralanıb. Hadisə ilə bağlı istintaq aparılır.

27

Rusiyanın paytaxtı Moskvada, Savelovskiy dəmir yolu stansiyası yaxınlığında baş verən partlayış nəticəsində 1 polis əməkdaşı həlak olub, daha 2 polis isə yaralanıb.

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə yerli vaxtla saat 00:05 radələrində Savelovskiy Vağzalı Meydanında qeydə alınıb. Kimliyi hələlik müəyyən edilməyən şəxs yol polisi əməkdaşlarının xidməti avtomobilinə yaxınlaşdıqdan sonra naməlum qurğunun partlaması baş verib. Partlayış nəticəsində bir polis hadisə yerində həyatını itirib.

Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən istintaqa başlanıldığı bildirilib. İlkin məlumata əsasən, partlayış zamanı daha iki polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Rəsmi açıqlamada, bombalı hücumu həyata keçirdiyi ehtimal olunan şəxsin də hadisə yerində öldüyü qeyd olunub. Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, hüquq-mühafizə orqanları tərəfindən araşdırma və texniki ekspertiza işləri davam etdirilir.