Möctəba Xamenei “X” və “Telegram”da rəsmi hesab açdı

İranın ali lideri Möctəba Xamenei "X" və "Telegram" platformalarında rəsmi hesablarını açıb. Hesablar rəsmi bəyanatlar və xəbərləri yayımlayacaq, artıq minlərlə izləyici və abunəçi toplayıb.

34

İranın ali lideri Möctəba Xamenei rəsmi sosial media hesablarını “X” və “Telegram” platformalarında istifadəyə verib.

“X” platformasında @Rahbarenghelab istifadəçi adı ilə fəaliyyət göstərən hesab artıq 37 mindən çox izləyici toplayıb. Maraqlısı odur ki, ali lider yalnız mərhum atasının hesabını izləyir və hesabında ilk paylaşımını öz fotosu ilə edib. Bu addım onun rəsmi kommunikasiya kanallarını genişləndirməsi və birbaşa ictimaiyyətlə əlaqə yaratması kimi qiymətləndirilir.

Eyni zamanda, “Telegram”-da yaradılan “Rahbarenghelab” kanalı da fəaliyyətə başlayıb. Kanalın təsvirinə görə, burada İran ali liderinin rəsmi bəyanatları, müraciətləri və digər mühüm xəbərlər dərc olunacaq. Hal-hazırda “Telegram” kanalına 2 mindən çox istifadəçi abunə olub.

Bu addımlar Möctəba Xameneinin ictimaiyyətlə əlaqəni gücləndirmək və rəsmi xəbərləri birbaşa paylaşmaq istəyindən xəbər verir. Hesabların açılması həm də onun media və sosial şəbəkələrdə görünürlüğünü artıracaq.