İtaliyada keçirilən 2026-cı il Milan–Kortina Qış Olimpiya Oyunları rəsmi açılış mərasimi ilə start götürüb. Açılış mərasiminin əsas hissəsi Milandakı San Siro stadionunda təşkil olunub və tədbiri təxminən 75 min idmansevər canlı izləyib.
Eyni zamanda, Predazzo, Livinyo və Kortina şəhərlərində də paralel açılış mərasimləri keçirilib və idmançılar ölkələrinin bayraqları ilə dörd fərqli məkanda təşkil olunan paradlarda iştirak ediblər.
Mərasimdə İtaliya Prezidenti Sercio Mattarella, Baş nazir Corciya Meloni, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri, bir sıra dövlət və hökumət başçıları, IOC-yə üzv ölkələrin milli olimpiya komitələrinin rəhbərləri və çoxsaylı dəvətlilər iştirak ediblər. Oyunların açılışı ərəfəsində Milanda ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin əməkdaşlarının təhlükəsizlikdə iştirakına qarşı etiraz aksiyaları da gündəmdə olub.

Oyunların ikinci günündə alp disiplini, biatlon, xizəkli qaçış, fiqurlu konkisürmə, xizək sürmə, snoubord və sürətli konkisürmə növlərində medal yarışları keçiriləcək. Qadınlar arasında alp disiplini üzrə eniş, biatlon qarışıq komanda estafeti, kişilər arasında xizəkli qaçış skiatlonu, fiqurlu konkisürmədə komanda hesabında tək kişilər proqramı, xizək sürmə, snoubord paralel böyük slalom və sürətli konkisürmədə 5 min metr məsafədə qaliblər müəyyənləşəcək. Bundan əlavə, kyorlinq və buz hokeyi üzrə də qarşılaşmalar baş tutacaq.

Oyunlar ümumilikdə 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizəyə səhnə olacaq. Fevralın 22-dək davam edəcək yarışlarda 92 ölkəni təmsil edən təxminən 2 min 900 idmançı iştirak edir. Açılış mərasimində keçid edən İsrail nümayəndə heyəti tribunadakı bəzi tamaşaçılar tərəfindən etirazla qarşılanıb, sosial mediada da İsrailin oyunlarda iştirakına qarşı tənqidi rəylər paylaşılıb.
Açılış mərasiminin əsas mövzusu “harmoniya” olub. İnsanları, bölgələri və dəyərləri ortaq baxışda birləşdirən bu konsepsiya vasitəsilə İtaliyanın mədəniyyət, incəsənət, təbiət və icmalar baxımından zəngin müxtəlifliyi nümayiş etdirilib. Canlı muzeyə çevrilmiş səhnədə Antik Roma, Renessans, İtaliya mətbəxi, modası, ədəbiyyatı, memarlığı və Venesiya Karnavalından ilhamlanan obrazlar təqdim olunub.

Mərasimdə çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri Olimpiya Oyunlarının birləşdirici gücü ilə olimpizm ruhunu bütün dünyaya yaymaq istədiklərini bildirib. O, idmançılara müraciət edərək bu anın onların zəhmətinin bəhrəsi olduğunu vurğulayıb və hər saniyədən zövq almalarını tövsiyə edib.
Açılış mərasimində Meray Keri, Andrea Boçelli, Laura Pausini, Lanq Lanq, Sesilia Bartoli, Sabrina Impaççiatore, Şarliz Teron, Pierfrançesko Favino və Qali kimi dünya şöhrətli sənətçilər səhnəyə çıxıb. İtalyan tenor Andrea Boçelli prezident Mattarellanın oyunları rəsmi açıq elan etməsindən sonra Cakomo Puççininin “Nessun Dorma” ariyasını ifa edib. Onun çıxışı zamanı məşhur italyan idmançılar olimpiyat məşəlini stadionda daşıyıblar.

Oyunlar tarixində ilk dəfə olaraq olimpiya atəşi iki fərqli məkanda – Milan və Kortinada eyni vaxtda yandırılıb. Milanda məşəli keçmiş olimpiya və dünya çempionları Alberto Tomba və Debora Kompanyonni, Kortinada isə keçmiş olimpiya çempionu Sofiya Qoccia alovlandırıb. San Siro stadionu bu mərasimlə tarixində son böyük tədbirə ev sahibliyi edib, çünki İtaliyanın Türkiyə ilə birgə təşkil edəcəyi 2032-ci il Avropa Futbol Çempionatı öncəsi stadionun sökülərək yenisinin inşası planlaşdırılır.
Bu arada yarışların ilk günündə İsveç təmsilçisi Frida Karlsson xizəkli qaçış üzrə qadınlar arasında 10+10 kilometr skiatlon yarışında 53 dəqiqə 45,2 saniyəlik nəticə ilə qızıl medal qazanıb. Həmin növdə gümüş medal eyni ölkədən Ebba Anderssona, bürünc medal isə norveçli Haydi Vengə qismət olub.