Milan–Kortina Qış Olimpiadasına qarşı etiraz aksiyasında iğtişaşlar yaşandı

İtaliyada Milan–Kortina Qış Olimpiya Oyunlarına etiraz məqsədilə keçirilən yürüş zamanı polis və nümayişçilər arasında qarşıdurma baş verib, azı 6 nəfər saxlanılıb.

33

İtaliyanın ev sahibliyi etdiyi və dünən açılış mərasimi ilə rəsmi olaraq başlayan Milan–Kortina Qış Olimpiya Oyunlarına qarşı keçirilən etiraz aksiyasında hadisələr yaşanıb.

Paytaxt Roma ilə yanaşı xüsusilə Milanın müxtəlif bölgələrində təşkil olunan aksiyalar oyunların başlanması ilə paralel olaraq gərginlik yaradıb. Olimpiadanın davam etdiyi bir vaxtda keçirilən yürüşlərdə iştirak edənlər oyunların həm iqtisadi, həm də ekoloji baxımdan davamlı olmadığını iddia ediblər.

Milan şəhərində etirazların əsas səbəblərindən biri ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin əməkdaşlarının oyunlar zamanı təhlükəsizlik tədbirlərində iştirak edəcəyi ilə bağlı məlumatlar olub. Bundan əvvəl də bu məsələ ilə əlaqədar keçirilən nümayişlərdən sonra olimpiadanın əleyhdarları və ICE qüvvələrinin Milanda fəaliyyət göstərməsinə qarşı çıxan qruplar yenidən küçələrə çıxıblar. Şəhərin Porta Romano rayonunda günün ikinci yarısında başlayan və minlərlə insanın qatıldığı yürüş zamanı “ICE bayıra” şüarları səsləndirilib.

Nümayişçilər olimpiya oyunları üçün böyük həcmdə dövlət vəsaitinin xərcləndiyini, bunun isə ictimai resursların israfı olduğunu bildiriblər. Onlar həmçinin yarışlara hazırlıq çərçivəsində Kortina bölgəsində çoxlu sayda ağacın kəsilməsinə etiraz ediblər. Axşam saatlarına qədər əsasən dinc şəkildə davam edən yürüş kortejinin son hissəsində vəziyyət gərginləşib. Kaska və qara kapüşon geyinmiş bir qrup etirazçının Korvetto məhəlləsindən ayrılaraq ətraf yoluna çıxmaq cəhdinə təhlükəsizlik qüvvələrinin icazə verməməsi qarşıdurmaya səbəb olub.

Hadisələr zamanı bəzi nümayişçilər polisə doğru şüşə qablar, fişənglər və məşəllər atıb. Polis isə buna cavab olaraq su şırnağı və bibər qazından istifadə edib, fişəng atan etirazçılara qarşı dəyənəklərlə müdaxilə olunub. İtaliya mətbuatının yaydığı məlumatlara görə, baş verən iğtişaşlar nəticəsində azı 6 nəfər saxlanılıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.