Mevlüt Çavuşoğlunun qardaşı güllələndi

Türkiyənin keçmiş xarici işlər naziri Mevlüt Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu Alanyada ofisində silahla yaralanmış halda tapılıb. Onun reanimasiyada olduğu və həyati təhlükəsinin davam etdiyi bildirilir.

Türkiyənin keçmiş xarici işlər naziri, AK Partiyanın Antalya millət vəkili Mevlüt Çavuşoğlu və “Alanyaspor”un prezidenti Hasan Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğlu Alanyada silahla yaralanmış halda tapılıb. Hadisə onun özünə məxsus yanacaqdoldurma məntəqəsindəki ofisində baş verib. Bu barədə Türkiyə mediası “Demirören Haber Ajansı”na istinadən məlumat yayıb. (Habertürk)

MSNews.az “Habertürk”-ə istinadən xəbər verir.

Məlumata görə, axşam saatlarında ofisdən silah səsi eşidilib. Xəbərdarlıqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Ağır yaralı olduğu bildirilən Aydın Çavuşoğlu hadisə yerində göstərilən ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb və təcili əməliyyata alınıb. Əməliyyatdan sonra onun reanimasiyaya yerləşdirildiyi, həyati təhlükəsinin davam etdiyi bildirilir.

Hadisədən sonra Antalya valisi Hulusi Şahin xəstəxanaya gedərək Aydın Çavuşoğlunun vəziyyəti barədə məlumat alıb. Mevlüt Çavuşoğlunun hadisə zamanı xaricdə olduğu, xəbərdən sonra Türkiyəyə qayıdacağı qeyd edilir.

Polis hadisənin baş verdiyi ofis və yanacaqdoldurma məntəqəsində araşdırma aparıb. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi, hücum olub-olmadığı və mümkün motivlər barədə rəsmi yekun açıqlama verilməyib. Türkiyə mediası istintaqın davam etdiyini bildirir.