“Meta” (“Facebook”, “Instagram”) 2026-cı ilin ilk rübü üzrə “Bədniyyətli Təhdidlər” (Adversarial Threat) hesabatını yayımlayıb.
MSNews.az xəbər verir ki, sənəddə İran mənşəli, koordinasiyalı şəkildə idarə olunan və birbaşa Azərbaycanı hədəf alan geniş sosial media şəbəkəsinin aşkar edildiyi bildirilir.
Hesabatda qeyd olunur ki, şirkətin “Koordinasiyalı Qeyri-Autentik Davranış” (CIB) siyasətini pozduqlarına görə platformalarda genişmiqyaslı təmizləmə işləri aparılıb. Nəticədə 367 “Facebook” hesabı, 3 səhifə və 360 “Instagram” profili bloklanıb.
Məlumata görə, bu şəbəkəyə aid “Facebook” səhifələrini təxminən 4 min, “Instagram” hesablarını isə 34 minə yaxın istifadəçi izləyib. Şəbəkə daxilində reklam fəaliyyəti üçün ümumilikdə təxminən 400 dollar vəsait xərcləndiyi bildirilir.
Araşdırmada vurğulanır ki, sözügedən fəaliyyətin əsas məqsədi Azərbaycanda siyasi sabitliyi sarsıtmaq, İranın regional maraqlarını təbliğ etmək və Qərb ölkələrinin regiondakı nüfuzuna zərbə vurmaq olub.