Dünyaca məşhur futbolçu Lionel Messinin Hindistan turu qalmaqallı hadisələrlə başlayıb. Argentinalı ulduzu yaxından görmək ümidi ilə Kəlküttə şəhərindəki “Salt Lake” Stadionuna axışan minlərlə azarkeş gözləntiləri qarşılanmadığı üçün etiraz aksiyası keçirib, hadisələr iğtişaşa çevrilib.
“GOAT Tour” çərçivəsində təşkil olunan tədbirə qatılan azarkeşlər Messini görmək üçün 12 min rupi (təxminən 225 AZN) ödəyiblər. Lakin Messinin yalnız meydanda qısa bir dövrə vurması, ətrafının rəsmi şəxslər və məşhurlarla əhatələnməsi və təxminən 20 dəqiqə sonra təhlükəsizlik səbəbi ilə stadiondan çıxarılması izdihamın qəzəbinə səbəb olub.
Messinin erkən ayrılmasından sonra bəzi azarkeşlər meydana daxil olub, plastik stullar və su qabları sahəyə atılıb. Tribunalarda yaranan gərginlik qısa zamanda zorakılığa çevrilib, reklam afişaları cırılıb, qurulmuş çadırlar sökülüb.
2022-ci il dünya çempionu olan Messinin tədbir çərçivəsində qısa nümayiş oyunu keçirməsi gözlənilsə də, bu baş tutmayıb. Bu isə azarkeşlərin məyusluğunu daha da artırıb.

Bir azarkeş Hindistanın “ANI” xəbər agentliyinə verdiyi açıqlamada narazılığını belə ifadə edib:
“Messinin ətrafında yalnız siyasətçilər və futbolçular vardı. Böyük hayal qırıqlığı yaşadım. O zaman bizi niyə çağırdılar? 12 min rupi ödədik, amma üzünü belə görə bilmədik.”
Digər bir azarkeş isə “Press Trust of India” agentliyinə danışaraq Messini görmək üçün demək olar ki, bir aylıq maaşını xərclədiyini bildirib:
“Oğlumla gəlmişəm. Siyasətçiləri yox, Messini görmək istəyirdim. Polis və əsgərlər selfi çəkirdi. Günah təşkilatçılardadır.”
Messinin Hindistan turu Kəlküttə, Heydərabad, Mumbay və Yeni Delhini əhatə edir. Turun ilk dayanacağı olan Kəlküttədə Messinin təxminən 21 metr hündürlüyündə nəhəng heykəli təqdim olunub. Heykəl 45 nəfərlik komanda tərəfindən 27 günə hazırlanıb.
Lakin təhlükəsizlik səbəbi ilə təqdimatın onlayn formatda keçirilməsi, Messini canlı görmək istəyən minlərlə insanın stadiona axın etməsinə səbəb olub. Azarkeşlər “Messi” şüarları səsləndirib, formalar alıb və “I love Messi” yazılı lentlər taxıblar.
Messi meydanda azarkeşləri salamladıqdan sonra proqramın qəfil bitirilməsi məyusluğu qəzəbə çevirdi.
Hadisələrdən sonra Qərbi Benqal ştatının baş naziri Mamata Banerjee baş verənlərdən “dərin narahatlıq və şok” keçirdiyini bildirib. O, həm Messidən, həm də idmansevərlərdən üzr istəyib və hadisə ilə bağlı araşdırma başladıldığını açıqlayıb.
Banerjee bildirib ki, yaradılan komitə hadisəni ətraflı araşdıracaq, məsul şəxsləri müəyyənləşdirəcək və oxşar halların təkrarlanmaması üçün tədbirlər təklif edəcək.
Hadisələrdən saatlar əvvəl minlərlə insan Messinin qaldığı otelin qarşısında toplaşaraq futbolçunu görmək üçün saatlarla gözləyib. 24 yaşlı hüquqşünas Hiteş Benqaluru şəhərindən təxminən 1 900 kilometr yol qət edərək Kəlküttəyə gəldiyini bildirib.
O, “BBC”-yə açıqlamasında deyib:
“Messi mənim üçün çox şəxsi bir fiqurdur. Boyum qısadır, amma o mənə istedadla hər şeyin mümkün olduğunu göstərdi.”