Lionel Messi Argentina millisində 21 il davam edən karyerasını başa vurub. 39 yaşlı futbolçu Buenos-Ayresdə keçirilən vida matçında Beninə qarşı son dəfə milli formanı geyinib.
MSNews.az xəbər verir ki, Argentina “Monumental” stadionunda keçirilən görüşdə Beninə 3:0 hesabı ilə qalib gəlib. Messi son milli oyununda bir qol vurub və iki məhsuldar ötürmə edib. Stadionda 85 mindən çox azarkeş onunla vidalaşıb.
Vida oyunu ərəfəsində “Adidas” Messinin emosional müraciətini yayımlayıb. O bildirib:
“Rahatlıq içində ayrılıram. Hər şeyimi verdim. Bu forma mənim arzum, qürurum və həyatım oldu.”
Messi azarkeşlərə illər ərzində göstərdikləri sevgiyə görə təşəkkür edərək onları həmişə qəlbində daşıyacağını vurğulayıb.
Matçdan sonra isə Messi meydanda mikrofon qarşısına keçərək Argentina millisində oynamağın həyatında başına gələn ən gözəl şeylərdən biri olduğunu deyib.
Argentina Futbol Assosiasiyasının rəsmi məlumatına görə, Messi çıxışına mərhum atasını xatırlamaqla başlayıb və milli formanı 20 ildən artıq geyinməyin onun üçün böyük qürur olduğunu bildirib.
“Reuters” yazır ki, Messi Argentina millisində karyerasını 208 oyun və 126 qolla tamamlayıb. O, milli komanda ilə dünya çempionu, ikiqat Copa America qalibi və Finalissima çempionu olub.
Messi vida çıxışında milli komandaya artıq gəlməyəcəyini qəbul etməyin onun üçün ağır olduğunu deyib:
“Daha bura gəlməmək çox ağrılı olacaq.”
O, eyni zamanda Argentina millisində oynamağı “başına gələ biləcək ən gözəl şey” adlandırıb.