Mərkəzi Bankın 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib ki, valyuta bazarındakı sabitlik ölkədə qiymət sabitliyinin təmin olunmasında həlledici rol oynayıb.
Bəyanata əsasən, 2025-ci ilin ötən dövründə həm nağd, həm də nağdsız seqmentlər üzrə valyuta bazarında təklif tələbi üstələyib. Bu amil milli valyuta bazarında tarazlığın qorunmasına və makroiqtisadi sabitliyin möhkəmlənməsinə şərait yaradıb.
Qeyd olunub ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2,1 faiz bəndi azalaraq 2025-ci ilin noyabr ayında 29 faizə enib. Əlverişli xarici sektor göstəriciləri də valyuta bazarında tarazlığı dəstəkləyən əsas faktorlar sırasında yer alıb.
Məlumata görə, 2025-ci ilin ilk 9 ayında tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 3 milyard ABŞ dolları və ya ÜDM-in 5,4 faizi səviyyəsində olub. Bu şəraitdə ölkənin strateji valyuta ehtiyatları 11 ay ərzində 17,7 faiz artaraq 83,6 milyard ABŞ dollarına çatıb. Eyni zamanda, Mərkəzi Bankın valyuta ehtiyatları 4,3 faiz artaraq 11,4 milyard ABŞ dollarına yüksəlib.