Melania Tramp BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək

ABŞ Prezidentinin həyat yoldaşı Melania Tramp martın 2-də BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək. Bu, BMT tarixində ilk hadisədir.

36

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melania Trampın martın 2-də keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcəyi açıqlanıb.

Melania Trampın ofisinin yaydığı yazılı bəyanatda bildirilib ki, iclasda təhsil, texnologiya, sülh və təhlükəsizlik mövzuları müzakirə olunacaq. Qeyd olunub ki, ABŞ-nin fəaliyyətdə olan birinci xanımının Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi BMT tarixində ilk hadisədir.

Məsələ ilə bağlı BMT Baş katibinin sözçüsü Stefan Dujarriç gündəlik mətbuat konfransında açıqlama verib. O, jurnalistlərin suallarını cavablandırarkən, arxivlərin yoxlanıldığını və birinci xanımın Təhlükəsizlik Şurası iclasına sədrlik etməsinin ilk dəfə baş verdiyini təsdiqləyib.

Dujarric, dövlət başçılarının həyat yoldaşlarının BMT çərçivəsində müxtəlif toplantılarda iştirak etməsinin nümunələrinin mövcud olduğunu, lakin Təhlükəsizlik Şurasına sədrlik etməyin presedentinin olmadığını da xatırladıb. O, eyni zamanda Melania Trampın BMT rəsmiləri ilə ayrıca görüş proqramının planlaşdırılmadığını bildirib.

Xatırladaq ki, mart ayında BMT Təhlükəsizlik Şurasında sədrliyin ABŞ-a keçməsi ilə əlaqədar olaraq, Melania Tramp “Təhsil, texnologiya, sülh və təhlükəsizlik” mövzusuna həsr olunan ilk iclasa rəhbərlik edəcək.