Meksikanın Verakruz ştatında baş verdiyi bildirilən bir dəfn mərasimi sosial şəbəkələrdə geniş yayılıb. Meksika mediasında yayılan xəbərlərə görə, mərasimə gələn iki qadın mərhumla hər ikisinin münasibətdə olduğunu öyrəndikdən sonra tabutun yanında mübahisəyə başlayıb, qarşıdurma isə qısa müddətdə əlbəyaxaya çevrilib. Hadisə ilə bağlı görüntülər viral olub.
Xəbəri “RÉCORD” portalına istinadən MSNews.az verir.
“RÉCORD”-un yazdığına görə, hadisə zamanı qadınlardan biri tabutun yanında ağlayaraq mərhumla emosional şəkildə vidalaşırmış. Bundan sonra digər qadın onun kim olduğunu soruşub, cavabdan sonra isə hər iki tərəf eyni kişi ilə münasibətdə olduqlarını anlayıb. Məhz, bundan sonra qışqırıq, itələşmə və fiziki qarşıdurma başlayıb.
Yayılan videoda qarşıdurmanın tabutun lap yanında baş verdiyi və mərasim iştirakçılarının çaşqınlıq içində hadisəni izlədiyi görünür. Bəzi xarici nəşrlər dava zamanı tabutun qapağının az qala yerindən oynadığını da yazıb.
Ancaq vacib bir məqam da var: “TV Azteca Jalisco” qeyd edir ki, sosial şəbəkə istifadəçilərinin bir qismi videonun tam real olub-olmadığını da sual altına alıb. Həmin materialda bəzi izləyicilərin səs və hərəkətlərdə qəribəlik gördükləri, buna görə də görüntünün süni intellektlə hazırlanmış ola biləcəyini iddia etdikləri bildirilir. Hazırda hadisə ilə bağlı rəsmi qurumlardan geniş təsdiqləyici açıqlama görünmür.