Meksika Prezidenti Şeynbaum ABŞ Prezidenti Tramp ilə telefonla danışdı

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığında El Menço əməliyyatından sonra ölkədəki təhlükəsizlik vəziyyətini müzakirə edib.

48

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apardığını və görüşdə iki ölkəni maraqlandıran son hadisələrin müzakirə edildiyini açıqlayıb.

Boqotada keçirilən brifinqdə danışan Şeynbaum bildirib ki, söhbət Xalisko Yeni Nəsil Kartelinin (CJNG) lideri El Mençonun öldürülməsindən sonra baş tutub.

Prezidentin sözlərinə görə, Tramp onu telefonla axtararaq Meksikada vəziyyətlə maraqlanıb. Təxminən 8 dəqiqə davam edən qısa danışıq zamanı Meksikadakı təhlükəsizlik durumu və aparılan əməliyyatlar müzakirə olunub. Şeynbaum qeyd edib ki, o, Trampa El Mençonun zərərsizləşdirilməsi ilə bağlı əməliyyatın detallarını izah edib, bu prosesdə ABŞ hökumətindən kəşfiyyat dəstəyi alındığını və iki ölkə arasında koordinasiyanın effektiv şəkildə həyata keçirildiyini vurğulayıb. Bununla yanaşı, əməliyyatın birbaşa Meksika Müdafiə Nazirliyinin koordinasiyası altında icra edildiyini bildirib.

Xatırladaq ki, fevralın 22-də Meksika federal təhlükəsizlik qüvvələri Xalisco ştatında, Qvadalxara şəhərindən təxminən 130 kilometr cənubda yerləşən Tapalpa qəsəbəsində Xalisko Yeni Nesil Kartelinə qarşı hərbi əməliyyat keçirib. Rəsmi məlumatlara əsasən, əməliyyat zamanı kartelin lideri El Menço öldürülüb. Hadisədən sonra kartelin mümkün cavab addımları fonunda Xalisko və digər bəzi ştatlarda yolların bağlanması, nəqliyyat vasitələrinin və iş yerlərinin yandırılması halları qeydə alınıb. Xalisko ştat rəhbərliyi əhaliyə evlərdə qalmaq çağırışı edib, ictimai nəqliyyatın hərəkəti dayandırılıb və “qırmızı həyəcan” rejimi tətbiq olunub. Son məlumatlara görə, El Mençonun öldürülməsindən sonra baş verən zorakılıq dalğasında 25-i təhlükəsizlik əməkdaşı olmaqla ümumilikdə 73 nəfər həyatını itirib.