Meksikada narkotik kartellərinə qarşı aparılan genişmiqyaslı əməliyyatdan sonra ölkə ciddi təhlükəsizlik böhranı ilə üzləşib. Xalisko Yeni Nəsil Karteli (CJNG) lideri El Mençonun öldürülməsindən sonra başlayan silahlı toqquşmalar nəticəsində həlak olanların sayı 73-ə yüksəlib.
Yerli mətbuatın məlumatına görə, əsasən Xalisko ştatı olmaqla bir neçə bölgədə kartel üzvləri təhlükəsizlik qüvvələri və mülki obyektlərə hücumlar təşkil edib. Baş verən qarşıdurmalarda ölənlərdən 25-nin təhlükəsizlik əməkdaşı olduğu bildirilir.
Meksikanın Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Harfux açıqlamasında təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, yolların böyük hissəsinin yenidən açıldığını və dövlətin vəziyyəti nəzarətə götürdüyünü bildirib. Onun sözlərinə görə, zorakılığın ən intensiv olduğu bölgələrə 10 min hərbçi cəlb edilib.
Prezident Klaudiya Şeynbaum isə Milli Saraydakı mətbuat konfransında ölkə üzrə təhlükəsizlik riskinin olmadığını vurğulayıb. O, 2026-cı il dünya çempionatına ev sahibliyi edəcək Qvadalxara şəhərinin tam təhlükəsiz olduğunu bəyan edib.
Xatırladaq ki, federal qüvvələr fevralın 22-də Tapalpa qəsəbəsi yaxınlığında keçirilən hərbi əməliyyat zamanı El Mençonun öldürüldüyünü açıqlayıb. Bundan sonra kartel üzvləri tərəfindən yollar bağlanıb, nəqliyyat vasitələri və iş yerləri yandırılıb, bir sıra bölgələrdə “qırmızı həyəcan” rejimi tətbiq olunub.