NATO Baş katibi Mark Rütte Arktika bölgəsinin təhlükəsizliyinin təmin olunması üçün atılacaq addımların hazırda müttəfiqlər arasında müzakirə edildiyini açıqlayıb.
Rütte Xorvatiyaya səfəri çərçivəsində Baş nazir Andrej Plenkoviç ilə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib ki, bütün NATO üzvləri Arktika bölgəsinin təhlükəsizliyinin vacibliyi məsələsində həmfikirdir. Onun sözlərinə görə, dəniz yollarının açılması fonunda Rusiya və Çinin bölgədə daha aktiv rol alma ehtimalı təhlükəsizlik risklərini artırır və bu amil alyans üçün ciddi narahatlıq yaradır.
Mark Rütte qeyd edib ki, NATO-nun yeddi üzv dövləti birbaşa Arktika bölgəsində yerləşir və eyni zamanda Rusiya ilə Çin də son illərdə bölgədəki fəaliyyətlərini genişləndirir. O, Arktikanın təhlükəsizliyinin qorunması məqsədilə daha əvvəl də müzakirələr aparıldığını xatırladaraq, bu prosesin davam etdiyini və konkret addımların nəzərdən keçirildiyini vurğulayıb.
NATO Baş katibi Arktika bölgəsinin təhlükəsiz qalmasının alyans və müttəfiqlər üçün prioritet olduğunu bildirərək, Qrenlandiya məsələsində ortaq müdafiənin həlledici rol oynadığını qeyd edib. Rütte Qrenlandiyanın NATO üçün strateji baxımdan olduqca önəmli bir bölgə olduğunu və bu mövzuda alyans daxilində səmərəli müzakirələrin aparıldığını deyib. ABŞ Prezidenti Donald Trampın ada ilə bağlı təhdid xarakterli açıqlamalarına dair suallara birbaşa cavab verməkdən çəkinən Rütte, əsas məqsədin növbəti mərhələdə birlikdə işləməyə davam etmək olduğunu ön plana çıxarıb.
Səfər çərçivəsində polkovnik Marko Jivkoviç hərbi hissəsini də ziyarət edən Mark Rütte Türkiyənin dron texnologiyasına xüsusi diqqət çəkib. O, səhər saatlarında Xorvatiyanın Türkiyədən aldığı pilotsuz uçuş aparatlarını yenidən görmək imkanı əldə etdiyini və bu texnologiyadan çox təsirləndiyini bildirib. Rütte Xorvatiyanın ABŞ və Fransadan aldığı hərbi texnika ilə yanaşı, öz dron imkanlarını da inkişaf etdirdiyini qeyd edib və Avropa hava məkanında artan dron pozuntularına toxunaraq, NATO-nun bu sahədə texnoloji imkanlarını gücləndirməyə davam etdiyini vurğulayıb.