Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossi İranın nüvə proqramı ilə bağlı yeni bəyanatla çıxış edib.
MAQATE rəhbəri bildirib ki, İranın nüvə silahı istehsal etdiyinə dair hər hansı sübut mövcud deyil. Bununla belə, silah səviyyəsinə yaxın zənginləşdirilmiş uranın böyük ehtiyatlarının toplanması və Agentliyin müfəttişlərinə tam giriş icazəsinin verilməməsi ciddi narahatlıq doğurur.
Qrossi “X” sosial platformasındakı hesabında yaydığı açıqlamada vurğulayıb ki, əvvəlki hesabatlarında da bu məsələyə aydın və ardıcıl şəkildə toxunub. Onun sözlərinə görə, İran MAQATE-nin təhlükəsizlik təminatları ilə bağlı suallarını tam cavablandırmayınca, Agentlik ölkənin nüvə proqramının tamamilə dinc xarakter daşıdığına dair təminat verə bilməz.
Qeyd edək ki, Qrossi 2 mart tarixində keçirilən fövqəladə İdarə Heyəti iclasında ABŞ və İsrailin hücumları nəticəsində İranın nüvə obyektlərinə zərər dəydiyinə dair göstərici olmadığını bildirmişdi. Lakin İranın BMT-nin Vyana ofisi yanında daimi nümayəndəsi Rza Nəcəfi bunun əksini iddia edərək Natanz nüvə obyektinin vurulduğunu açıqlamışdı.
Daha sonra İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami də Natanz obyektinə iki dəfə hücum edildiyini bəyan edib. MAQATE isə son açıqlamasında Natanz nüvə obyektində müəyyən zədələnmələrin qeydə alındığını təsdiqləyib və hadisənin radiasiya nəticələri doğurmasının gözlənilmədiyini bildirib.
Fevralın 28-də ABŞ və İsrail İranla danışıqlar davam etdiyi bir vaxtda hərbi əməliyyatlara başlayıb. İran isə İsrail və bölgədə yerləşən ABŞ bazalarına cavab zərbələri endirib. Rəsmi məlumatlara görə, hücumlar nəticəsində İranın ali lideri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər həlak olub. İran Qızıl Aypara Cəmiyyəti hücumlarda 787 nəfərin öldüyünü açıqlayıb.