Peter Mandelson zaminə buraxıldı

Sabiq britaniyalı nazir Peter Mandelson Epşteynlə bağlı məxfi məlumat sızdırılması iddiası ilə saxlanıldıqdan sonra zaminə buraxılıb, istintaq davam edir.

31

Böyük Britaniyanın sabiq Leyboristlər Partiyası naziri Peter Mandelson dövlət vəzifəsində səlahiyyətdən sui-istifadə şübhəsi ilə saxlanıldıqdan sonra zaminə buraxılıb. Metropolitan Polisi onun barəsində istintaqın davam etdiyini bildirib.

Polisin açıqlamasına görə, 72 yaşlı Mandelson fevralın 23-də Londondakı Kemden bölgəsində saxlanılıb və dindirilmək üçün polis bölməsinə aparılıb. O, təxminən doqquz saat sonra – fevralın 24-nə keçən gecə Uondsvörs polis bölməsindən zaminə buraxılıb. Hazırda ona qarşı hər hansı rəsmi ittiham irəli sürülməyib.

İstintaq sabiq nazirin Ceffri Epşteynlə əlaqələri və onunla mümkün məxfi məlumat paylaşımı iddiaları ilə bağlıdır. Polis mənbələrinin məlumatına görə, Mandelsonun Qordon Braun hökumətində biznes naziri olduğu dövrdə hökumətə aid həssas sənədləri Epşteynin məlumatına çatdırdığı ehtimal edilir. Bu sənədlərə Avropa İttifaqı ilə bağlı milyardlarla funt sterlinqlik maliyyə planları, hökumət daxilində siyasi qərarlar və dövlət əmlakının mümkün satışı ilə bağlı müzakirələr daxil ola bilər.

Ayın əvvəlində Mandelsona məxsus London və Uayltşir bölgələrindəki evlərdə axtarış aparıldığı da təsdiqlənib. Polis bildirib ki, araşdırmanın gedişinə zərər verməmək üçün əlavə məlumat açıqlanmır.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan və ictimaiyyətdə “Epşteyn sənədləri” kimi tanınan materiallarda Mandelsonun Epşteynlə uzunmüddətli əlaqələri ilə bağlı yeni detallara yer verilib. Bu açıqlamalardan sonra Mandelson 2008-ci ildə ona verilmiş lord titulu ilə bağlı ciddi siyasi təzyiqlərlə üzləşib və nəticədə tituldan imtina edib.

Mandelson hər hansı qanun pozuntusunu inkar edir və Epşteynin qurbanlarından üzr istədiyini bildirib. Hüquqi baxımdan “dövlət vəzifəsində səlahiyyətdən sui-istifadə” maddəsi Böyük Britaniyada ömürlük həbs cəzasına qədər sanksiya nəzərdə tutur.

Hadisə Böyük Britaniyada siyasi mühitə də təsirsiz ötüşməyib. Baş nazir Keir Starmer Mandelsonun Epşteynlə münasibətlərinin dərinliyindən xəbərdar olmadığını bildirib. Müxalifət isə hökumətin məsələ ilə bağlı daha geniş araşdırma aparmalı olduğunu tələb edir.