İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi Ruben Amorimin vəzifəsindən azad edildiyini açıqlayıb. Qərar Premyer Liqada turnir cədvəlinin aşağı sıralarında yer alan “Lids Yunayted”lə heç-heçədən (1:1) bir gün sonra verilib.
Klubun yaydığı rəsmi bəyanatda bildirilib ki, hazırda Premyer Liqada 6-cı pillədə qərarlaşan “Mançester Yunayted” rəhbərliyi mövsümü mümkün qədər yüksək pillədə başa vurmaq üçün dəyişiklik etməyi zəruri hesab edib.
“Komandanın Premyer Liqada ən yüksək mümkün nəticəni əldə etməsi üçün rəhbərlik çətin də olsa, bu qərarı verməyə məcbur qaldı”, – deyə klubun açıqlamasında qeyd olunub.
Hazırda “Mançester Yunayted” lider “Arsenal”dan 17 xal geri qalır və son 5 oyundan yalnız birində qələbə qazana bilib. Amorimin istefası ətrafında müzakirələr son günlərdə daha da güclənmişdi. Portuqaliyalı mütəxəssis “Lids”lə oyundan sonra verdiyi açıqlamalarda klub rəhbərliyinin ona olan etimadı ilə bağlı suallara sərt reaksiya vermişdi.
40 yaşlı Amorim daha əvvəl də “Old Trafford”-a sıravi məşqçi deyil, tam səlahiyyətli baş menecer kimi gəldiyini vurğulamış, istefa vermək niyyətində olmadığını bildirmişdi. Lakin nəticələrin qeyri-sabitliyi və rəhbərliklə münasibətlərdə gərginlik onun gedişini qaçılmaz edib.