Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradıldı – FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

73

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 30-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və dövlət maliyyəsinin səmərəli idarə olunması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılır. Bu yeni qurum dövlət mülkiyyətində olan və dövlət nəzarəti altında olan hüquqi şəxslərin illik və ortamüddətli büdcə layihələrinin, proqnozların, eləcə də, illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirəcək. Agentlik həmçinin büdcə icrasının göstəricilərini təhlil edəcək və Maliyyə Nazirliyinin strukturuna daxil olacaq.

Fərmanda Agentliyin əsasnaməsi təsdiq edilir və Nazirlər Kabinetinə bir ay müddətində işçi heyətinin say həddini, maddi-texniki təminatını və digər məsələləri həll etmək tapşırılır.

Sənəddə qeyd olunur ki, bu dəyişikliklər Maliyyə Nazirliyinin strukturunu gücləndirəcək və dövlət maliyyəsinin şəffaf, məqsədyönlü və səmərəli idarə olunmasını təmin edəcək.