Macarıstanda 12 aprel 2026-cı il parlament seçkilərində səsvermə başa çatıb. Ölkənin seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanıb və ilkin məlumatlara görə seçici fəallığı 77%-i keçib ki, bu da rekord səviyyəyə yaxın göstərici sayılır.
“Associated Press” yazır ki, yekun nəticələr bazar günü gecə saatlarında açıqlanmalı idi.
Seçki öncəsi son sorğular isə müxalif “Tisza” partiyasının həqiqətən də Viktor Orbanın rəhbərlik etdiyi “Fidesz” üzərində üstünlüyə malik olduğunu göstərirdi. “Reuters”-in yazdığına görə, seçki ərəfəsində yayımlanan iki son sorğuda “Tisza”-nın 55-57% səs toplaması və 199 yerlik parlamentdə təxminən 132-135 mandat qazana bilməsi proqnozlaşdırılırdı. Bu isə Orbanın 16 illik hakimiyyəti üçün ən ciddi sınaqlardan biri sayılırdı.
Macarıstan parlamenti qarışıq sistemlə formalaşır: 199 mandatın 106-sı birmandatlı dairələr, 93-ü isə partiya siyahıları üzrə bölüşdürülür. Parlamentə düşmək üçün partiyalar 5%-lik baryeri keçməlidir. “Reuters” seçkiöncəsi təhlilində qeyd edirdi ki, hətta “Tisza” səs sayında öndə olsa belə, dairə sistemi və əvvəlki yenidən bölgülər nəticəyə ciddi təsir göstərə bilər.