Macarıstanda rekord fəallıq: Orban üçün kritik seçki

Macarıstanda parlament seçkisində seçici fəallığı rekord həddə çatıb. Sorğularda Peter Madyarın “Tisza” partiyası Viktor Orbanın “Fidesz”ini qabaqlayır, amma yekun nəticə hələ qeyri-müəyyəndir. 

14

Macarıstanda bu gün keçirilən parlament seçkisi ölkənin siyasi taleyi baxımından son illərin ən həlledici səsverməsi kimi qiymətləndirilir.

“Reuters”-in məlumatına görə, baş nazir Viktor Orbanın 2010-cu ildən davam edən hakimiyyəti ilk dəfə bu qədər real şəkildə risk altındadır və səsvermə həm Avropa İttifaqında, həm Rusiyada, həm də ABŞ-də yaxından izlənir.

Seçki günü açıqlanan aralıq rəqəmlər yüksək marağı təsdiqləyir. Nəşr yazır ki, saat 11-ə olan məlumata görə seçici fəallığı 54,14 faizə çatıb ki, bu da həmin saat üçün rekord göstəricidir; 2022-ci ilin eyni vaxtında bu rəqəm təxminən 40 faiz idi. Budapeştdə bir sıra seçki məntəqələrinin qarşısında uzun növbələr müşahidə olunub.

Sorğulara əsasən, müxalifət lideri Peter Madyarın rəhbərlik etdiyi mərkəz-sağ “Tisza” partiyası yarışda öndə görünür. “Reuters”-in məlumatına görə, son sorğularda “Tisza” 38–41 faiz aralığında dəstək alaraq Orbanın “Fidesz” partiyasını 7–9 faiz bəndi qabaqlayır.

Buna baxmayaraq, nəticə hələ tam aydın sayılmır. “Reuters” xəbərdarlıq edir ki, çoxlu sayda tərəddüdlü seçici, “Fidesz”in xeyrinə dəyişdirildiyi deyilən seçki dairələri xəritəsi və qonşu ölkələrdə yaşayan etnik macarların səsi yekun tabloya ciddi təsir göstərə bilər. Eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi 12 aprel seçkisini müşahidə etmək üçün rəsmi missiya yerləşdirib.

Bu seçkinin beynəlxalq çəkisi də böyükdür. Orbanın məğlubiyyəti Rusiyanın Aİ daxilində ən yaxın tərəfdaşlarından birini zəiflədə, Ukrayna üçün bloklanmış Avropa yardımının taleyinə təsir göstərə və Avropadakı sağ-populist dairələr üçün siyasi siqnal ola bilər. Əksinə, Orban qalib gəlsə, onun “illiberal demokratiya” modeli və Moskva ilə yaxın xətti davam edəcək.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930