Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 20-ci sanksiya paketini qəbul etməyəcəklərini açıqlayıb. Orban bildirib ki, “Drujba” neft kəmərinin bağlanmasına səssiz qalmayacaqlar.
Baş nazir sosial media hesabında paylaşım edərək vurğulayıb ki, Macarıstan yanacaq təchizatının təhlükəsizliyini təmin edəcək və neft nəqli bərpa olunana qədər zəruri tədbirlər görüləcək. Onun sözlərinə görə, bu tədbirlərə Ukraynaya dizel yanacağı göndərilməsinin dayandırılması, hərbi yardımın rədd edilməsi və Aİ-nin 20-ci sanksiya paketinin bloklanması daxildir.
Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto da açıqlamasında sabah keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasında sanksiya paketinə mane olacaqlarını bildirib.
Macarıstan və Slovakiya üçün strateji əhəmiyyət daşıyan “Drujba” neft kəməri yanvarın 27-də hücuma məruz qaldıqdan sonra neft nəqli dayanmışdı. Budapeşt və Bratislava hökumətləri Ukraynanı neft tranzitini siyasi məqsədlərlə əngəlləməkdə ittiham etmişdi.
Neft tədarükünün dayandırılmasından sonra Macarıstan və Slovakiya cavab olaraq Ukraynaya dizel yanacağının verilməsini müvəqqəti dayandırmışdı. Siyarto 20 fevral tarixində bəyan etmişdi ki, “Drujba” xətti ilə neft axını bərpa olunana qədər Ukraynaya ayrılmış 90 milyard avroluq Aİ kreditini bloklayacaqlar.
Bu qərar Aİ daxilində enerji təhlükəsizliyi və Rusiya ilə bağlı sanksiya siyasəti ətrafında fikir ayrılıqlarını bir daha gündəmə gətirib.