Lyamblioz xalq arasında bəzən “lyambliya qurdu” kimi tanınsa da, əslində lyambliya gözlə görünməyən, birhüceyrəli mikroskopik parazitdir. Əsasən nazik bağırsaqda, bəzən isə öd yollarında parazitlik edir. Xəstəliyin əsas yoluxma mənbəyi açıq su hövzələridir. Xəstələrin nəcislərinin çaylara və ya digər açıq sulara qarışması, bu suların içilməsi və ya həmin su ilə suvarılmış tərəvəzlərin yuyulmadan yeyilməsi lyamblioza yoluxmaya səbəb olur.
Lyamblioz zamanı nazik bağırsaq və qaraciyər zədələnə bilər. Xəstələrdə ürəkbulanma, iştahasızlıq, qarının yuxarı hissəsində ağrı, bəzi hallarda ishal və arıqlama müşahidə olunur. Uşaqlarda bu əlamətlər meydana çıxdıqda nəcis analizi aparılmalı, lyambliya aşkar edilməzsə, müayinə bir ay sonra yenidən təkrarlanmalıdır.
Müalicə dövründə şirin qidaların azaldılması tövsiyə olunur, çünki lyambliyalar əsasən karbohidratlarla qidalanır. Sarımsaq lyamblioza qarşı təsirli olmaqla yanaşı, bağırsaqlarda parazitlik edən digər növlərin də məhv edilməsində faydalı hesab olunur. Bu məqsədlə sarımsaqlı qatıqdan və ya sarımsaq kapsullarından istifadə edilə bilər. Gün ərzində 2–3 diş sarımsağın qida rasionuna daxil edilməsi və ya əzilmiş sarımsağın bir kasa qatıqla qarışdırılaraq yeməkdən yarım saat əvvəl qəbul edilməsi tövsiyə olunur. Bu prosedur 10 gün davam etdirildikdən sonra 10 gün fasilə verilib yenidən təkrarlana bilər. Sarımsaq kapsullarından istifadə zamanı böyüklərə gündə 3 dəfə, uşaqlara isə gündə 3 dəfə 1 kapsul yeməkdən əvvəl qəbul edilməsi məsləhət görülür.
Alternativ olaraq, 3 stəkan su tutan termosa 2 buğum zəncəfil, 15 ədəd hil, 2 ədəd mixək və 1 çay qaşığı bal əlavə edilərək qarışdırılır. Bu qarışıq 1 həftə ərzində gündə 3 dəfə, yeməkdən əvvəl 1 stəkan olmaqla qəbul edilə bilər.
Həmçinin yeməkdən əvvəl 1 filtr-bağlama Teazol çayı 100 qram suda dəmlənərək uşaqlara verilir. Bu prosedur 10 gün müddətində aparılır.