“Lumumba” DÇ-2026-ya gedəcək

Konqo Demokratik Respublikasının “Lumumba” ləqəbli məşhur azarkeşi futbolçuların xahişi və Prezident Feliks Çisekedinin təsdiqi ilə millinin DÇ-2026 nümayəndə heyətinə daxil edilib.

Konqo Demokratik Respublikası millisinin “Lumumba” ləqəbi ilə tanınan məşhur azarkeşi komanda ilə birlikdə DÇ-2026-ya yollanacaq. “Elbotola”-nın məlumatına görə, Konqo Futbol Federasiyası azarkeşin dünya çempionatı üçün ABŞ-a gedəcək rəsmi nümayəndə heyətinə daxil edilməsinə qərar verib. Onun viza, yaşayış, qidalanma, nəqliyyat və digər xərclərinin qarşılanacağı bildirilir. 

Bu qərar futbolçuların müraciətindən sonra qəbul olunub. Daha əvvəl komandanın kapitanı Şansel Mbemba başda olmaqla millinin oyunçuları Prezident Feliks Çisekediyə müraciət edərək “Lumumba”nın dünya çempionatı zamanı komandanın rəsmi nümayəndə heyətinə daxil edilməsini xahiş etmişdilər.

Məlumata görə, Prezident Feliks Çisekedi futbolçuların bu müraciətini şəxsən təsdiqləyib. Beləliklə, “Lumumba” DÇ-2026 zamanı komandanın yanında olacaq, onun yaşayış, qidalanma və oyunlara giriş xərcləri qarşılanacaq.

“Lumumba” DR Konqo azarkeşləri arasında xüsusi simvola çevrilib. O, 2025-ci il Afrika Millətlər Kuboku zamanı bütün oyunlar ərzində tribunada hərəkətsiz dayanması və bir qolunu qaldırması ilə məşhurlaşmışdı. Onun bu duruşu Konqonun müstəqillik lideri Patris Lumumbanın xatirəsinə ehtiram kimi təqdim olunur.

DR Konqo millisi DÇ-2026-ya vəsiqə qazanmaqla tarixi uğura imza atıb. Komanda sonuncu dəfə dünya çempionatında 1974-cü ildə, o vaxtkı Zair adı ilə çıxış etmişdi. DR Konqo interkontinental pley-offun finalında Yamaykanı 1:0 hesabı ilə məğlub edərək mundiala yüksəlib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.