Böyük Britaniyada sensasiyalı bir sənət əsəri hərraca çıxarılıb. İddialara görə, rəsmdə Vladimir İliç Lenin və Adolf Hitler şahmat oynayarkən təsvir olunub.
Məlumata əsasən, əsər 1 oktyabr tarixində İngiltərənin Ludlou şəhərində keçiriləcək hərracda 40 min funt-sterlinqə satışa çıxarılıb. “The Daily Telegraph” qəzetinin iddiasına görə, rəsm 1909-cu ildə Vyanada Hitlerin rəsm müəlliməsi Emma Lovenştramm tərəfindən çəkilib. Bildirilir ki, tablonun arxa hissəsində həm Hitler, həm də Leninin imzaları yer alır.
Tarixi kontekstə görə, həmin dövrdə Hitler Vyanada rəssamlıqla məşğul olur, eyni zamanda quruluşçu-rəssam kimi çalışırdı. Lenin isə 1905-ci il inqilabının yatırılmasından sonra Avropada mühacirətdə idi. İddialara əsasən, rəsm çəkilən zaman Hitlerin 20, Leninin isə 39 yaşı olub. Rəsm səhnəsinin Vyanada yaşayan bir yəhudi ailəsinin evində baş verdiyi də bildirilir.
Lakin əsərin həqiqiliyi ilə bağlı mübahisələr var. Bəzi mütəxəssislər Leninin həmin illərdə Fransada yaşadığını və Vyanada olmasının şübhəli olduğunu qeyd edərək tablonun saxta ola biləcəyini irəli sürürlər. Bununla belə, iddialara görə, rəsm və üzərindəki imzalar məhkəmə-tibbi ekspertizadan keçirilib və 300 səhifəlik rəy hazırlanıb. Həmin ekspertiza sənədində əsərin saxta olmadığı qənaətinə gəlindiyi bildirilir.
Rəsm satışa çıxarılmazdan əvvəl tarixçilər və sənət ekspertləri arasında geniş müzakirələrə səbəb olub. Əgər əsərin orijinallığı tam təsdiqlənərsə, bu, XX əsrin iki ən mübahisəli siyasi fiqurunun eyni məkanda təsvir olunduğu nadir sənət nümunəsi kimi tarixə düşə bilər.