Lapid İranın Xark adasındakı neft obyektlərinə zərbələrə çağırdı

İsrail müxalifətinin lideri Yair Lapid İran iqtisadiyyatını zəiflətmək üçün Xark adasındakı neft və enerji infrastrukturuna zərbələr endirilməsini təklif edib.

38

İsrail müxalifətinin lideri Yair Lapid İranın enerji infrastrukturuna zərbələrin endirilməsinin ölkə iqtisadiyyatını ciddi zərbə altına qoya biləcəyini bildirib.

İsrail müxalifətinin rəhbəri Yair Lapid İranın Fars körfəzində yerləşən Xark adasındakı neft infrastrukturu və yataqlarına zərbələr endirilməsinə çağırış edib.

Lapid sosial “X” platformasında paylaşdığı mesajda bildirib ki, bu addım İran iqtisadiyyatını “iflic vəziyyətə” sala və nəticədə ölkədə siyasi dəyişikliklərə səbəb ola bilər.

“Bu, İran iqtisadiyyatını çökdürəcək və rejimin devrilməsinə gətirib çıxaracaq”, – deyə Lapid qeyd edib.

İsrailli siyasətçi müharibənin başa çatması üçün bir sıra şərtlər də irəli sürüb. Onun sözlərinə görə, münaqişənin sonlanması üçün Tehrandakı hazırkı hakimiyyətin süqutu, İranın nüvə obyektlərinin məhv edilməsi, ballistik raket infrastrukturunun tamamilə ləğvi və Livandakı “Hizbullah” qruplaşmasının darmadağın edilməsi vacibdir.

Qeyd edək ki, bundan əvvəl oxşar təkliflə ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kellog da çıxış etmişdi. O da İranın enerji sektoruna zərbələrin ölkə iqtisadiyyatına ciddi təsir göstərə biləcəyini bildirmişdi.